Kollektiv Qərb Ermənistanın Baş naziri Nikol Paşinyandan bu ilin sonuna qədər sülh müqaviləsini imzalamağı tələb edir.
Bu barədə “Qraparak” qəzeti yazır.
Nəşrə xəbər verən mənbə bildirib ki, bu məsələ oktyabrın 6-da Praqada bağlı qapılar arxasında müzakirə olunub.
Mənbənin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müqavilənin 9 noyabrda imzalanmasını təklif edib.
Xatırladılıb ki, iki il bundan öncə elə həmin gün (9 noyabr) Ermənistan kapitulyasiya haqqında bəyanata imza atıb. İndi Azərbaycan öz qələbəsini təkrarlamaq istəyir.
“Paşinyan isə buna etiraz edərək bu tarixin erməni xalqının yaddaşında pis simvolizə olunduğunu deyib. Ermənistan vətəndaşları belə hesab edə bilər ki, sülh müqaviləsi deyildiyi kimi, yeni qapılar açmaq əvəzinə, növbəti kapitulyasiya aktı olacaq.
Paşinyan həmçinin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın suveren ərazisindən çıxarılması məsələsini qaldırıb və bəyan edib ki, bu şərt yerinə yetirilməzsə, müqaviləyə imza atmayacaq.
Azərbaycan isə Mehri ərazisindən keçən dəhliz barədə tələb irəli sürüb və hətta Ermənistan hökuməti də yeni hərbi toqquşmaların olması riskini istisna etmir”, – nəşr yazır.