Oktyabrın 12-də Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib.
Banker.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, iclasda Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Viktor Qulyeviç, Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Marat Xusainov, Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Erlis Terdikbayev, Özbəkistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Şuxrat Xalmuxamedov, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-polkovnik Sergey İstrakov və Tacikistan Respublikasının Rusiya Federasiyasındakı hərbi attaşesi polkovnik Rüstəm Cumayev iştirak ediblər.
Tədbirdə hərbi əməkdaşlığın cari il üzrə yekun nəticələri, növbəti il üçün inkişaf perspektivləri, həmçinin sülhün və təhlükəsizliyin təmin olunması və qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olunub.
İclasın sonunda yekun protokollar imzalanıb, MDB iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasının 2023-cü ildə Rusiyada keçirilməsi haqqında qərar qəbul edilib.