“Azər Türk Bank” 2022-ci ilin 3-cü rübünü 3 milyon 79 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 729 min manat təşkil edib ki, bu da illik müqayisədə 4.2 dəfə artım deməkdir.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ KƏSKİN ARTIB
Yanvar-sentyabr aylarında “Azər Türk Bank”ın gəlirləri 44 milyon 501 min manat (əvvəlki ilə nisbətən 1.8 dəfə çox), xərcləri isə 36 milyon 925 min manat təşkil edib.
BANK 2 DƏFƏ BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB
Bu ilin sentyabrın 1-nə bankın aktivləri 844 milyon 194 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 2 dəfə artım deməkdir. Bunun 303 milyon 86 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 30% böyüyüb.
DEPOZİT PORTFELİ KƏSKİN BÖYÜYÜB
Hesabat dövründə bankın cəmi öhdəlikləri 2.2 dəfə artaraq 783 milyon 68 min manat, cəmi kapitalı isə 7.3% artaraq 61 milyon 126 min manat, o cümlədən depozit portfeli 56% artaraq 323 milyon 691 min manat təşkil edib.