Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətləri azaldılıb.
Banker.az xəbər verir ki, bu, Prezdent İlham Əliyevin bu gün imzaladığı fərmanla “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli 578 nömrəli fərmanına edilən dəyişiklikdə əksini tapıb.
Bundan əvvəl Daxili İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və onların prekursorlarının qanunsuz idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına qarşı mübarizəni həyata keçirən Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanun ilə müəyyən edilmiş qaydada nəzarətli göndərişi həyata keçirmək, göndərilən yükləri, poçt göndərişlərini yoxlamaq, nəzarət qaydasında narkotik vasitələri və psixotrop maddələri almaq və qanunla nəzərdə tutulmuş digər əməliyyat-axtarış tədbirlərindən istifadə etmək hüququna malik olub. Artıq Naxçıvan Muxtar Respublikasının ərazisində də bu sahədə səlahiyyət Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə olunub.