Bu gün İsraildə Knessetə (parlament) növbədənkənar seçkilər keçirilir.
Səsvermə səhər saat 7:00-da başlayıb və axşam saat 22:00-da başa çatacaq.
Məlumata görə, 350 nəfərdən az əhalinin yaşadığı yaşayış məntəqələrində isə səsvermə saat 8:00-dan 20:00-dək keçirilir.
Bildirilib ki, ölkədə 6 788 804 vətəndaş səs vermək hüququna malikdir. Son seçkilərdən sonra seçicilərin sayı 210 720 nəfər artıb (3.2 faiz). Ölkə üzrə 12 495 seçki məntəqəsi açılıb.
Qeyd edək ki, daha əvvəl 24-cü çağırış parlament seçkiləri 2021-ci il martın 23-də keçirilib və 2022-ci il iyunun 20-də Naftali və Yair Lapidin qurduğu koalisiya hökumətinin süqutundan sonra buraxılıb. Bu siyasi kampaniyada 120 deputat seçilib. 23-cü çağırış parlamenti isə 2020-ci il dekabrın 23-də buraxılıb.