Yaşlı əhalinin sayı ilə bağlı göstəricilərin artım davranışı və pensiya təminatı sisteminin orta və uzunmüddətli dövrdə formalaşacaq göstəriciləri cari dövrlə müqayisədə gələcəkdə daha çox şəxsin yaşa görə pensiya hüququnun qazanmasına şərait yaradacaq.
Bu, “Dövlət sosial müdafiə fondunun 2023-cü il üçün büdcə layihəsinə Hesablama Palatasının rəyi”ndə əksini tapıb.
Rəydə qeyd edilib ki, Pensiya təminatı sisteminin qiymətləndirilməsində nəzərə alınması zəruri hesab edilən göstəricilərdən biri də yaşlılıq asılılığı əmsalıdır (old age dependency ratio). Bu göstərici iqtisadi cəhətdən qeyri-fəal yaşda (65 yaş və yuxarı) olan insanların sayının əmək qabiliyyətli yaşda (15-64 yaş) olan insanların sayına nisbəti kimi müəyyən edilir.
2021-ci ilin 01 yanvar tarixinə əmək qabiliyyətli yaşda olan hər 100 nəfərə 10,7 65 yaşdan yuxarı yaşda şəxs düşdüyü halda, 2022-ci ilin müvafiq dövründə bu göstərici 11,3 olmuşdur ki, bu dinamika ölkədə əmək qabiliyyətli yaşda olan əhali sayının artımı ilə müqayisədə yaşlanmanın daha sürətlə baş verdiyini əks etdirir. Qeyd edək ki, 2020-ci ildə 65 yaşdan yuxarı əhalinin ümumi əhalinin 7,2%-ni təşkil etdiyi halda 2021-ci ildə bu göstərici 0,2 faiz bəndi artaraq 7,4% olub.
65 yaşdan yuxarı əhalinin ümumi pensiyaçı sayına nisbəti kimi müəyyən edilən münasiblik əmsalı 2020-ci ilə müqayisədə 2021-ci ildə 5 faiz bəndi artaraq 66,6% olub ki, bu artım ölkədə yaşlanmanının baş verdiyini əks etdirir.
Nəzərə almaq lazımdır ki, yaşlanmanın artım tempinə sahib olması öz növbəsində yaşa görə əmək pensiyası ilə təmin edilən şəxslərin sayının artmasını şərtləndirir. Lakin statistik məlumatların təhlili göstərir ki, 2021-ci ilin 01 yanvar tarixinə yaşa görə pensiyaçı kimi qeydiyyatda olmuş şəxslər 65 yaşdan yuxarı olan əhalinin 94,7%-ni təşkil etdiyi halda, 2022-ci ilin 01 yanvar tarixinə bu göstərici 88,4% olmuşdur.
Yaşlanmanın artımı fonunda qeyd edilən azalmanın baş verməsi pensiya yaşına çatmış şəxslərin pensiya təyinatı üçün tələb olunan göstəricilərə sahib olmaması və nəticədə həmin şəxslərə sosial müavinətin təyin edilməsi ilə əlaqələndirilə bilər.
Digər tərəfdən hazırkı pensiya təminatı sisteminin şərtlərinin daha çox növbəti orta və uzunmüddətli dövrdə pensiya təyinatı üçün müraciət edəcək şəxslər üzrə formalaşacaq göstəriciləri dəstəkləməsi cari dövrlə müqayisədə gələcəkdə daha çox şəxsin yaşa görə əmək pensiyası ilə təmin olunacağını əks etdirir. Qeyd edilməlidir ki, əhalinin qocalması və pensiya yaşına çatan insanların sayının artması uzunömürlülük riskini artırır. Pensiya sistemində uzunömürlülük riski (longevity risk) insan inkişafı konsepsiyasında uzun yaşamanın baza göstəricisi hesab edilən gözlənilən ömür uzunluğunun böyük olması səbəbindən pensiyaların gözlənildiyindən daha uzun müddətə ödənilməsi riskidir. Statistik məlumatlara əsasən 2021-ci il üçün Azərbaycanda gözlənilən ömür uzunluğu kişilər üçün 71,3 yaş, qadınlar üçün isə 75,9 yaş olaraq müəyyənləşdirilib. Mövcud qanunvericiliyə əsasən gözlənilən pensiya ödənişi müddətinin sayı isə 12 ildir. Eyni zamanda qeyd edilməlidir ki, demoqrafik vəziyyətin yuxarıda göstərilən qaydada dəyişməsi nəticəsi kimi yaşlanmanın artım tempinin əmək qabiliyyətdə olan şəxslərin sayının artım tempini üstələməsi əmək pensiyalarının maliyyələşdirilməsində dayanıqlığın təmin edilməsi baxımından Fond tərəfindən gələcəyə istiqamətlənmiş effektiv modellərin hazırlanmasını zəruri edir.