Noyabrın 2-də Polşa Nazirlər Şurası ölkədə iri atom elektrik stansiyalarının (AES) tikintisi ilə bağlı qərar qəbul edib. İlk AES ABŞ ilə ortaq şəkildə tikiləcək və onun 2033-cü ildə işə salınacağı planlaşdırılır.
Bu barədə Polşanın İqlim və Ətraf Mühit Nazirliyi (İƏMN) məlumat yayıb.
İƏMN rəhbəri Anna Moskva bildirib ki, Rusiyanın Ukraynaya hücumu Avropanın enerji sektorunu çətin vəziyyətə salır, ona görə də Polşanın nüvə enerjisi proqramının həyata keçirilməsi üçün mümkün qədər tez tərəfdaş seçmək lazım idi.
Nazirlər Şurasının qərarında bildirilir ki, Polşada ilk AES ABŞ-ın “AP1000” reaktor texnologiyası əsasında tikiləcək.
“Qrafik üzrə işləyirik. Polşanın ilk AES-inin tikintisinə 2026-cı ildə başlanacaq, 2033-cü ildə isə AES-in birinci bloku istifadəyə veriləcək”, – o deyib.