21 C
Baku
Thursday, September 19, 2024

IMF Qafqazda və Mərkəzi Asiyada bərpa olunan enerjiyə ayrılacaq investisiyaların həcmini açıqlayıb

2023-cü ildən 2030-cu ilə qədər Qafqaz və Mərkəzi Asiya (CCA) ölkələrində bərpa olunan enerji mənbələrinə (BOEM) əlavə dövlət investisiyasının həcmi 114 milyard ABŞ dolları, Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistanda (MENAP) isə bu göstəricinin 770 milyard ABŞ dolları olacağı gözlənilir.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) “Fiskal siyasət Yaxın Şərq və Mərkəzi Asiyaya emissiyaları azaltmağa necə kömək edə bilər?” adlı araşdırmasında deyilir.

“Bu, regionun hazırkı ümumi daxili məhsulunun beşdə birindən çoxunu təşkil edir. Beləliklə, 2023-2030-cu illər arasında regionun emissiyaların azaldılması hədəfləri yanacaq subsidiyalarının yalnız 2/3 həcmdə azalması və karbon vergisinin olmaması ilə qarşılana bilər”, – Fonddan qeyd ediblər.

Regionda artıq bərpa olunan enerji mənbələri üzrə irimiqyaslı layihələrə start verilir. Məsələn, Qətərdə 800 MVt gücündə olan dünyanın ən böyük günəş elektrik stansiyası tikilib və bu, ölkənin pik tələbatının təxminən onda birini ödəyə bilər, Dubayda isə 5000 MVt gücündə monoblok günəş parkı inşa edilib ki, bu da öz növbəsində ən böyük layihədir.

“Bu variantın cari nəsil üçün bir sıra üstünlükləri var. Ailələr və bizneslər aşağı qiymət artımı səbəbindən enerji istehlakı vərdişlərini dəyişməyə məcbur olmayacaqlar. Bundan başqa, bərpa olunan enerjiyə məqsədyönlü investisiyalar daha çox iş yeri yaradacaq və neft idxal edən ölkələrin enerji təhlükəsizliyini artırmaqla artımı sürətləndirəcək.

Lakin bu yanaşmanın uzunmüddətli xərcləri də var. Qalan yanacaq subsidiyaları enerji səmərəliliyinin əldə edilməsini məhdudlaşdıraraq və iqtisadiyyatın bir çox sektorlarında emissiyaların səviyyəsini əvvəlki kimi saxlayaraq, çox güman, enerji qiymətlərini təhrif etməyə davam edəcək. Enerji keçidini sürətləndirmək üçün əhəmiyyətli dövlət xərcləri fiskal mövqeləri və makroiqtisadi sabitliyi zəiflədə, gələcək nəsillərə daha az resurs saxlaya bilər.

Hesablamalarımıza görə, 2030-cu ildə xalis dövlət borcu MENAP regionunda ÜDM-in 12 %-i, CCA-da isə 15 %-inədək arta bilər. Beləliklə, indi daha yumşaq keçid gələcək nəsilləri uzunmüddətli perspektivdə dövlət borcunun artımını aşağı salmaq yoluna çıxara bilər”, – araşdırmada deyilir.

IMF hesab edir ki, regiondakı hökumətlər çətin qərar qarşısındadır: iqlim dəyişikliyinin nəticələrinin yüngülləşdirilməsi üçün iqtisadi yükü nəsillər arasında necə bölüşdürmək lazımdır? Bu fiskal strategiyaların digər kombinasiyaları da ölkələrin emissiya hədəflərinə uyğun gəlir.

Fondun analitiklərinin fikrincə, ölkələr öz şəraitlərinə və mövcud büdcə resurslarına ən uyğun variantı seçməlidirlər. Seçimdən asılı olmayaraq, vergi-büdcə strategiyasının erkən qəbul edilməsi yumşaldılma öhdəliklərini vaxtında yerinə yetirməyə və potensial iqtisadi şokları minimuma endirməyə kömək edəcək.

“Daha erkən başlama özəl sektorun gözlənilən siyasət dəyişikliklərinə uyğunlaşmasına imkan yaratmaq, səlahiyyətlilər üçün isə, sosial təhlükəsizlik şəbəkələrinin təkmilləşdirilməsi də daxil olmaqla, potensial yan təsirlərin aradan qaldırılmasına yönəldilmiş siyasəti həyata keçirmək üçün ölkə daxilində ictimai müzakirəyə kifayət qədər vaxt verəcək.

Nəhayət, erkən başlama digər siyasət və struktur islahatlarını sürətləndirəcək, region ölkələrinə daha “yaşıl” iqtisadiyyata doğru daha hamar yolla irəliləməkdə kömək edəcək”, – IMF-dən vurğulayıblar.

Son xəbərlər
Digər xəbərlər