2011-ci ildən ölkədə rezidentura təhsili tətbiq edildikdən sonra xarici ölkələrdə diplomdan sonra tibb ixtisasları üzrə təhsil almış şəxslərin çoxsaylı müraciətləri nəzərə alınaraq 29.04.2022-ci il tarixində Azərbaycan Respublikasının səhiyyə naziri tərəfindən “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması və müvafiq maarifləndirmə işlərinin aparılması barədə” əmr imzalanıb.
Nazirlikdən verilən xəbərə görə, həmin əmrə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 13.06.2022-ci il tarixli qərarı ilə “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədilə imtahanın keçirilməsi Qaydası” təsdiq olunub.
Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının (bundan sonra – Komissiya) 06.10.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyətinə buraxılmaları üçün MDB ölkələri və Ukrayna Respublikasında klinik ordinatura təhsili almış şəxslərin (bundan sonra – müvafiq şəxslər) bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədilə imtahanda iştirakı məqsədəmüvafiq hesab edilib.
Bununla yanaşı, internatura proqramlarının müddəti, məzmunu, eləcə də nəzəri təlim və təcrübə hissələrinin rezidentura təhsil proqramlarından kəskin fərqlənməsi ilə əlaqədar internatura hazırlığı keçmiş şəxslərin imtahana buraxılmaması barədə qərar qəbul edilib. Komissiya internatura təhsili almış şəxslərə həmin hazırlıq əsasında əldə etdikləri ixtisaslar üzrə Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyətinə buraxılmaları üçün qanunvericiliyə uyğun olaraq rezidentura səviyyəsində təhsil almalarını tövsiyə edib.
İmtahanda iştirak etmək üçün müvafiq şəxslər Səhiyyə Nazirliyinin rəsmi internet saytının (www.health.gov.az) “Elektron Səhiyyə xidmətləri” bölməsində “Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu” xidməti vasitəsilə 11.11 2022-ci il tarixindən 01.12.2022-ci il tarixinədək sənədlərini təqdim etməli və “Namizədin elektron ərizəsi”ni dolduraraq təsdiq etməlidirlər. 01.12.2022-ci il tarixindən sonra imtahanda iştirak üçün ərizələrin qəbulu dayandırılacaq.