16 C
Baku
Friday, November 22, 2024

ADB digər maliyyə institutlarından kredit alan şirkətlərə zəmanət vermək istəyir

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda digər maliyyə institutlarından kredit alan şirkətlərə zəmanət vermək istəyir.

Bunu Bakıda keçirilən III Maliyyə və İnvestisiya Forumunda ADB-nin İnvestisiya üzrə baş inzibatçısı Sənan Şabanov bildirib.

Onun sözlərinə görə, bununla bağlı təcrübələri var: “Biz iri şirkətlərə birbaşa kredit verməsək də, onların başqa maliyyə institutları qarşısındakı öhdəliklərinə zəmanət verə bilərik. Bu məhsulumuzdan ilk dəfə “Cənub Qaz Dəhlizi” QSC istifadə edib. Biz bu təcrübədən çıxış edərək digər şirkətlər üçün də onu tətbiq edə bilərik”.

ADB rəsmisi əlavə edib ki, Azərbaycanda “yaşıl istiqraz”larla bağlı bir sıra şirkətlərlə danışıqlar aparılır: “Dayanıqlı maliyyələşmənin bir növü “yaşıl”, “sosial” və “dayanıqlı” istiqrazlardır. ABŞ-da bunların ümumi dəyəri 1 trilyon ABŞ dollarını keçib ki, onun da yarısı “yaşıl” istiqrazlardır. Regionda biz bunu Gürcüstanda tətbiq etmişik. Hazırda Azərbaycanda bu sahədə bir neçə şirkətlə müzakirələr aparırıq”.

Onun sözlərinə görə, bəzi şirkətlərin məlumatsızlığı onların layihələrinə səhv diaqnoz qoyulmasına şərait yaradır: “Bir sıra şirkətlər layihələrinin “yaşıl” olmasını istəyirlər. Amma bu, nə bizdən, nə də o şirkətdən asılıdır. Bu, 3-cü tərəflərə bağlı məsələdir. Elə vaxt olur ki, şirkətin istehsal etdiyi məhsul “yaşıl” maliyyəyə uyğun gəlir, amma onun istifadə etdiyi xammal zərərli olduğu üçün “yaşıl” maliyyələşmənin qarşısını alır. Bütün bunlar meyarlara uyğun müəyyən edilir.

Biz bəzən şirkətlərin istehsal sahələrinə səfər edirik. Təəssüf hissi ilə demək istəyirəm ki, şirkətlər öz hesabına layihəni həyata keçirir və həmin layihə Beynəlxalq Kapital Bazarları Assosiasiyasının tələblərinə uyğun olaraq “yaşıl” maliyyəyə düşür. Sadəcə, ya məlumatın azlığı, ya da şirkətə əlavə maliyyənin lazım olmaması səbəbindən layihə uyğun adlandırılmır”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər