Azərbaycanda dövlətə məxsus sosial fondların – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) və İşsizlikdən Sığorta Fondunun (İSF) sərbəst vəsaitlərinin idarə olunan kapitala çevrilməsi, onların maliyyə imkanlarının genişləndirilməsi məqsədi ilə investisiya layihələrində iştirakı təklif olunur.
Bu təkliflərlə Milli Məclisin ötən gün keçirilmiş plenar iclasında deputat Musa Quliyev çıxış edib.
Bəs qeyd olunan fondlar hansı sahələrə yatırım edə bilər?
“Azərbaycanda investisiya dərəcəli şirkətlər yoxdur”
İqtisadçı-ekspert Xalid Kərimli deyir ki, inkişaf etmiş ölkələrdə dövlət fondları əsasən invesitiya dərəcəsinə malik şirkətlərin səhm və istiqrazlarına yatırım edirlər, Azərbaycanda isə bu cür şirkətlər yoxdur: “Odur ki, sosial fondlar öz resurslarını dövlət qiymətli kağızlarına yönəldə bilər. Bununla belə, dövlətin zəmanət verdiyi müəyyən layihələrə yatırım etmək barədə düşünmək olar. Həmin layihələr isə Cənub Qaz Dəhlizi, Bakı-Tibilisi-Qars dəmir yolu xətti kimi layihələr ola bilar. Dövlət onsuz da bu layihələrə resurs cəlb edir. Bunlara yatırım etmək olar ki, risk səviyyəsi aşağı olsun. Və yaxud Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, Asiya İnkişaf Bankının iştirak etdiyi və yaxud zəmanət verdiyi layihələrə pul qoymaq olar. Amma hansısa investisiya dərəcəsi olmayan şirkətə yatırmaq etmək olmaz. Bunun üçün kapital bazarı inkişaf etməli, yerli şirkətlər investisiya reytinqi əldə edərək etibar qazanmalıdırlar”.
“Ən yaxşısı SOCAR-ın investisiya layihələridir”
“İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin sədri Əyyub Kərimli isə deyir ki, Azərbaycanda sosial fondların yatırım etməsi üçün ən əlverişli variant Dövlət Neft Şirkətinin (SOCAR) investisiya layihələri ola bilər: “Bizdə bazar münasibətləri, qiymətli kağızlar bazarı tam formalaşmayıb. Bu sahədə təcrübəmiz də azdır. Ona görə də bu resurslar üçün ən önəmli və sabit istiqamət SOCAR-ın layihələridir. Gələcəkdə işğaldan azad edilmiş ərazilərimizdə də geniş fəaliyyət imkanlarımız olacaq. Bu barədə dövlət proqramı da qəbul olunub, həmin ərazilərdə geniş investisiya layihələrinin icrası nəzərdə tutulub. Dövlətin zəmanəti ilə həmin investisiya proqramlarında DSMF-nin və yaxud İSF-nin vəsaitlərindən istifadə etmək olar. Yaxşı olar ki, həmin vəsaitlər qeyri-neft sektorunun inkişafına da yönəldilsin. Amma hələ ki, Azərbaycanda elə bir sabit sahə yoxdur ki, gələcəkdə həmin vəsaitlərin bu sahəyə yönəldilməsi nəzərdə tutulsun”.