İran təzyiqlərə boyun əyməyəcək və beynəlxalq normalara uyğun olaraq nüvə proqramını davam etdirəcək.
Bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) bəyanatına cavab olaraq bildirib. O diqqətə çatdırıb ki, Qərb dövlətləri bir sıra beynəlxalq təşkilatlar vasitəsilə İrana təzyiq göstərməyə çalışırlar. Lakin İran uranın zənginləşdirilməsini və nüvə proqramını davam etdirəcək.
Qeyd edək ki, ötən gün AEBA bəyanatla çıxış edərək, İranı qanunsuz olaraq uranın zənginləşdirməkdə və nüvə proqramını davam etdirməkdə ittiham edib.
Xatırladaq ki, sentyabrın 16-da Tehranda 22 yaşlı qızın geyim qaydalarını pozmasına görə “əxlaq polisi” tərəfindən zorakılığa məruz qalaraq xəstəxanada ölməsindən sonra İranı etiraz aksiyaları bürüyüb. Aksiyalar sonradan ixtişaşlara çevrilib. Banklar, dövlət binaları dağıdılıb, polis avtomobilləri yandırılıb. İxtişaşlar zamanı 300-dən çox aksiya iştirakçısı və 40 yaxın polis əməkdaşı öldürülüb. Artıq üç aydır ki, İranda ictimai-siyasi vəziyyət pozulub. Bunları əsas tutan ABŞ və digər Qərb dövlətləri İrana qarşı təzyiqləri artırıb ki, bu da rəsmi Tehran tərəfindən birmənalı qarşılanmır.
Prezident İbrahim Rəisi hökumətin iclasında hüquq-mühafizə orqanlarından ixtişaş törədənlərə qarşı qətiyyətli addımlar atmalarını tələb edib.