Azərbaycanda 6 ay ərzində pul köçürmələrində artım olub.
Bunu “Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin artırılması” layihəsi ilə bağlı keçirilən tədbirdə çıxış edən Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gjorgiev deyib.
Nümayəndəlik rəhbərinin sözlərinə görə, Rusiya və Ukrayna arasındakı müharibə pul köçürmələrinə təsir göstərib, ötən ilin ilk 6 ayı ilə müqayisədə bu ilin ilk 6 ayı ərzində pul köçürmələrində 3 faiz artım olub:
“Son illərdə həm pandemiya, həm Rusiya-Ukrayna müharibəsi pul köçürmələrinə öz təsirini göstərib. Bu gün isə Azərbaycanda pul köçürmələrinin rəqəmsallaşmasınının yüksəldilməsi istiqamətində işlər görülür. Bu gün və sabah keçiriləcək layihələr əsasında yol xəritəsi hazırlanacaq ki, bu da ümumilikdə Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətli olacaq”.
Qeyd edək ki, iki gün ərzində keçiriləcək layihənin əsas məqsədi Azərbaycanlı emiqrantların və Azərbaycanda yaşayan miqrantların, həmçinin pul köçürmələri zamanı Azərbaycanda və xaricdə vəsait alanların maliyyə inklüzivliyini və rəqəmsal maliyyə xidmətlərinə əlçatanlığını artırmaqla onların yaşayış səviyyəsinin davamlı inkişafına töhfə verməkdir.