ABŞ “Chevron Energy Corporation”a Venesuelada neft hasil etmək üçün lisenziya verməyə hazırdır. Bununla belə, sanksiyaları yumşaltmaq üçün Vaşinqton Venesuela hakimiyyətindən müxalifətlə dialoqa başlamağı və “azad seçkilər keçirməyi” tələb edir”.
Bu barədə “The Wall Street Journal” (WSJ) yazır.
Nəşr qeyd edir ki, sanksiyalar siyasətində dəyişiklik digər neft şirkətlərinə Venesuelada bizneslə məşğul olmağa imkan verəcək.
Qeyd olunur ki, Venesuela hökuməti və onun siyasi rəqiblərinin şənbə günü, noyabrın 26-da gözlənilən açıqlamasından sonra ABŞ “Chevron”a yeni lisenziya verə bilər.
Bu yolla “Chevron” Venesuela neft yataqlarında neft hasilatı və texniki xidmət fəaliyyətlərinə qismən nəzarəti bərpa edəcək. Şirkət Venesuelanın dövlət neft şirkəti “Petroleos de Venezuela SA” ilə birgə müəssisələr sayəsində bu yataqlardakı payını saxlayıb.
WSJ oktyabrın 6-da ABŞ-ın Venesuelaya qarşı sanksiyalarının mümkün yumşaldılması barədə məlumat yayıb. Ertəsi gün, oktyabrın 7-də ABŞ dövlət katibi Entoni Blinken ABŞ-ın Venesuelanın “demokratiyanı bərpa etmək üçün” addımlar atmasını gözlədiyini söyləyib. Venesuela hakimiyyəti repressiyaları davam etdirərsə, Vaşinqton sanksiyaları sərtləşdirməklə “yanaşmanı dəyişə bilər”.
Xatırladaq ki, 2019-cu ilin yanvarında Venesuela müxalifətinin lideri Xuan Quaydo özünü “Venesuela prezidenti səlahiyyətlərini icra edən” elan edib və ABŞ və bir sıra digər ölkələr tərəfindən tanınıb. Buna cavab olaraq prezident Nikolas Maduro ABŞ-la diplomatik münasibətləri kəsdiyini və amerikalı diplomatların Venesueladan qovulduğunu açıqlayıb.
Həmin ilin aprelində Vaşinqton Karakasdan neft almaqdan imtina edib. ABŞ-ın maliyyə institutlarına xarici müştərilər tərəfindən alınan neftə görə dollar ödənişlərini emal etmək də qadağan edilib.