3 C
Baku
Saturday, December 14, 2024

Yol hərəkəti qaydalarının pozulması cinayət məsuliyyətinə cəlbetməyə əsas ola bilərmi?

Bu gün cəmiyyətin ən aktual mövzularından biri olan yol-nəqliyyat hadisələrindən bəhs edəcəyik. İlk öncə statistikaya nəzər salsaq görərik ki, hər il ötən ilə nisbətdə yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır. Buna səbəb olaraq insanların və nəqliyyatın sıxlığının artması, sürücülərin və piyadaların diqqətsizliyi kimi amilləri göstərə bilərik. Belə cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri 2022-ci ilin yanvar-mart aylarında 403 və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çox yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,3 faiz artaraq 556 nəfər olmuşdur. Onlardan 183-ü həlak olmuş, 373-ü isə yaralanmışdır.

Bu gün təbii ki, bütün cəmiyyət üçün vacibdir ki, yol-nəqliyyat hadisələri azalsın. Bu hadisələrin qarşısının alınması, qəzaların sayının azalması üçün istər dövlət, istərsə də sosial qruplar tərəfindən maarifləndirici tədbirlər görülür, sosial proqramlar hazırlanır.

Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir.

Bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “Hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər”ə ayrıca fəsil həsr olunub. Bu fəsildə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasının hansı halda cinayət tərkibinin yaratması, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozulması, sürücülərin yol nəqliyyat hadisəsi yerindən qaçması, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salma və başqa cinayətlər və həmin cinayət əməllərinə görə təyin oluna biləcək cəzalar qeyd olunub.

Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Eyni əməllər, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və ya ona miqdarından asılı olmayaraq maddi ziyan vurulmasına səbəb olduqda, habelə sair hallarda qeyd edilən qaydaları pozan təqsirləndirilən şəxs cinayət məsuliyyətinə deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır.

Günümüzdə təəssüflər olsun ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan fəslinin ən işlək maddələri 263 və 263-1-ci maddələridir.

Bu əməllərə görə cinayət məsuliyyəti yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının təhlükəsizlik qaydalarının harada pozulmasından asılı olmayaraq yaranır. Yol hərəkəti qaydalarının pozulması yol verilən sürət həddini aşmada, düzgün olmayan ötmədə, dəmir yolu keçidlərindən, yol ayrıclarından keçib getmə qaydalarını pozmada, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmədə və s. bu kimi əməllərdə ifadə olunur.

Yol-nəqliyyat hadisəsində həlak olmuş şəxslərə təkcə hadisə yerində ölmüş insanlar deyil, həm də yol-nəqliyyat hadisəsi ilə bağlı aldığı xəsarətlər nəticəsində müəyyən müddətdən sonra vəfat etmiş şəxslər də aid edilməlidir. Fikrimizcə, bu zaman xəsarət almış şəxs həmin hadisədə aldığı xəsarətin bilavasitə nəticəsi olaraq öldükdə də yol-nəqliyyat hadisəsi şəxsin ölümünə səbəb olmuş hadisə kimi qiymətləndirilməlidir. Yol-nəqliyyat hadisəsində sağlamlığına zərər dəydiyinə görə xəstəxanaya götürülən və barəsində ambulator müalicə təyin olunan zərərçəkmiş şəxslər yaralılara aid olur.

“Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozma” cinayəti maddi tərkibli olduğu üçün CM-nin 263-cü maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verdiyi andan başa çatmış hesab olunur. Bu cinayətin ictimai təhlükəli nəticəsi qismində zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulması nəzərdə tutulmuşdur.

Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə mövcud olmalı və bu müəyyən olunmalıdır.

Qeyd etmək lazımdır ki, yol-nəqliyyat hadisəsi baş verdikdən dərhal sonra sürücülər zərərçəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri göstərməyə: təcili tibbi yardım maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur. CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda, əgər sürücülər qanunun tələbindən gələn vəzifələri yerinə yetirməzsə və hadisə yerindən qaçarsa, onların əməli yanlız CM-nin 263və ya 263-1-ci maddələri ilə deyil, eyni zamanda CM-nin 264-cü maddəsində (yol-nəqliyyat hadisəsi yerindən qaçma)nəzərdə tutulmuş cinayətin tərkibini yaradır.Eyni vəziyyətdə, sürücü yol nəqliyyat hadisəsi yerindən qaçmasa da, zərərçəkmiş şəxsi həyat və sağlamlıq üçün təhlükəli vəziyyətdə qoyduğuna görə, ona kömək göstərmək imkanı olduğu halda, bunu etmədikdə, onun əməli CM-nin 263-cü maddəsi ilə yanaşı, həm də CM-nin 143-cü maddəsinin(təhlükədə qoyma) tərkibini yaradır.

Zərərçəkmiş şəxsin ölümü yol-nəqliyyat hadisəsi anından dərhal sonra baş verdikdə və ya zərərçəkmiş şəxsin sağlamlığına vurulmuş zərərin ağırlığı üzündən təqsirkar zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün yaranmış təhlükəni aradan qaldıra bilmədikdə CM-nin 143-cü maddəsinin tərkibi istisna olunur. Bu, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan sürücülərin özünün aldığı xəsarətlərdən şok vəziyyətində olduğu və bu səbəbdən də zərərçəkmiş şəxsə kömək edə bilmədiyi hallara da aiddir.

“Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozma”cinayətitəqsirin ehtiyatsızlıq formasında törədilən cinayətlərə aiddir. Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının yol verilən pozuntusunun motivləri və xarakteri, təqsirkarın bu pozuntulara münasibəti cəza təyini zamanı cəzanın növünün və ölçüsünün seçilməsində çox böyük rol oynayır.

Qeyd olunan cinayətin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən fiziki şəxs ola bilər. Bu cinayətlərin törədilməsinə görə şəxsin təqsirli bilinməsi məsələsi həll edilərkən onun nəqliyyat vasitəsini özbaşına və ya icazə ilə idarə etməsi heç bir əhəmiyyət kəsb etmir.

Düşünürəm ki, bir çoxlarımızı yol-nəqliyyat hadisəsinin ikitərəfli idarə etmə qurğuları ilə təchiz olunmuş təlim avtomaşınları tərəfindən törədildiyi zaman məsuliyyəti kimin daşıdığı sualı maraqlandırır. Bu zaman yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyəti bunun qarşısını almaq imkanında olmuş təlimatçı, təlimatçının göstərişlərinə əməl etmədikdə isə – avtomaşını bilavasitə idarə edən şəxs daşıyır. Başqa bir ehtimal ola bilər ki, müdavim və təlimatçı birlikdə yol hərəkəti qaydalarını pozsunlar. Məsələn, onlar spirtli içkilər qəbul edərək sərxoş vəziyyətdə avtomaşını idarə edərlərsə, bu zaman yol nəqliyyat hadisəsinin nəticəsindən asılı olaraq onların hər ikisi inzibati və ya cinayət məsuliyyətinə cəlb edilirlər. Əgər müdavim nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan özbaşına, təlimatçının müşayiəti olmadan və ya sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarsa, bu zaman o, CM-nin 263-1-ci maddəsi ilə, bütün digər hallarda isə, CM-nin 263-cü maddəsi məsuliyyət daşıyır.

Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması və bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması, əsas etibarilə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi əsasında müəyyən edilir. Lakin ekspertiza rəyinin digər sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur.Yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər.

“Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozma” cinayət əməlinə görə təyin oluna biləcək cəzalara nəzər salsaq görərik ki, həmin maddənin sanksiyasında cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzalarla yanaşı, “nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə” əlavə cəza növü vəazadlıqdan məhrum etmə cəzası da nəzərdə tutulub. Bu maddənin tələbinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq edilməsi CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəzanın (azadlıqdan məhrum etmə, islah işləri və ya cərimə cəzasının) təyin edilməsindən asılı olmayaraq məcburidir.

Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsə maddi zərər vurularsa, onlar bununla bağlı mülki iddia verə bilərlər.

CM-nin 263-cü maddəsinin “qeyd” hissəsinə əsasən, 263.1 və ya 263.1-1-ci maddələrdə nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.

CM-nin 263.2-ci maddəsinə əsasən, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozma” cinayət əməlinin tövsifedici əlaməti qismində zərərçəkmiş şəxsin ölümü və bu əmələ görə üç ilədək müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

Eyni zamanda, CM-nin 124-cü maddəsində (ehtiyatsızlıqla adam öldürmə) nəzərdə tutulmuş cinayət əməlinə görə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları təyin oluna bilir.

Belə olan təqdirdə düşünürəm ki, CM-nin 263.2-ci maddəsinin sanksiyasında da cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzalar əlavə edilməklə yanaşı, əsas cəzanın yuxarı həddi aşağı salına bilər.

Qanunvericiliyə əsasən, cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır.

Zənnimcə, yüksək cəza həddini təyin edərək cəzanın əsas məqsədinə, yəni məhkumun islah edilməsinə nail olmaq hər zaman mümkün deyil…

Yuxarıda qeyd edilən statistik nəticələrin aşağı salınması və yol-nəqliyyat hadisələrinin sayının azalması üçün, sürücülərlə yanaşı, yol hərəkətinin digər iştirakçıları da hərəkət zamanı diqqətli və məsuliyyətli olmalı və “Yol hərəkəti haqqında” Qanunun tələblərinə riayət etməlidir.

Son xəbərlər
Digər xəbərlər