Dövlət Vergi Xidmətindən bildirilib ki, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Sənədin 2.2-ci bəndinə əsasən, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər qeyri-dövlət sektoruna aid edilir.
Qeyd edilənlərə əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxs (TƏBİB) tabeliyindəki tibb müəssisələri muzdlu işlə əlaqədar hesablanan gəlir vergisini güzəştli dərəcələrlə tətbiq edən vergi ödəyicilərinə aid edilməmişdir. Həmin tibb müəssisələrində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən – vergi tutulan aylıq gəlir 2500 manatadək olduqda 14 faiz, 2.500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2.500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə hesablanır.
Əsas: Vergi Məcəlləsinin 101-ci maddəsi və “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı.