9 C
Baku
Tuesday, December 24, 2024

Fransa kosmetika məhsullarının tərkib hissələrini Azərbaycandan almaq istəyir

Fransa biznesmenlər istehsal etdikləri kosmetika məhsullarının tərkib hissələrini Azərbaycandan idxal etmək istəyirlər.

Bunu “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” (AQSİA) İctimai Birliyinin İdarə Heyətinin sədri Səkinə Bababyeva bildirib.

Onun sözlərinə görə, “Şuşa İli”nə həsr edilmiş xüsusi müsabiqənin qalibi olan AQSİA icra etdiyi “Qarabağ incilərinin Avropa sədası” layihəsi çərçivəsində noyabrda Fransanın paytaxtı Parisdə “Qarabağ incilərinin Avropa sədası” adlı dəb sərgisi keçirib: “Bu sərgi Azərbaycanın qadın sahibkarlığının inkişafında, milli mədəniyyətin təbliğində mühüm rola malikdir. Sərgidə Qarabağ əhalisinin milli-mənəvi və maddi dəyərlərini, geniş mənada türk etnik-mədəni mühitinin milli müəyyənlik göstəricisi olmasını təcəssüm etdirən 15 geyim nümayiş etdirilib. Hər geyim Qarabağın bir guşəsinin – Şuşa, Xankəndi, Kəlbəcər, Xocalı, Ağdam, Ağdərə, Cəbrayıl, Laçın, Füzuli, Xocavənd, Zəngilan, Qubadlının özəl geyim ünsürlərini özündə yaşadıb. Hər bir geyimə uyğun çarıq, kəmər, sırğa və s. aksesuarlar da nümayiş olunub”.

“Sərgi çərçivəsində bir sıra, o cümlədən, Fransa biznesmenləri ilə müxtəlif görüşlər olub. Onların Azərbaycanın gözəllik sənayesinə marağı çoxdur. Biz bunu orada olarkən gördük. Fransa dünyada kosmetika məhsullarının istehsalı ilə məşhurdur. Müxtəlif krem və saç boyalarının xüsusilə ekstraktının Azərbaycanda olması onları maraqlandırır. Həmçinin, onlar nar, badam yağları ilə maraqlanırlar. Bəzən biz buna çox adi baxırıq, ancaq fransızlar keçi və eşşək südünə maraq ifadə ediblər. Keçi südünün tərkibini qurudaraq aparmaq istəyirlər. Hazırda danışıqlar aparılır, həmin əlaqəni qururuq”, – deyə o qeyd edib.

S.Babayevanın sözlərinə görə, son vaxtlar Fransa Senatının Azərbaycanla bağlı verdiyi qərara görə ikitərəfli münasibətlərdə gərginlik var: “Bu gərginlik aradan qalxarsa, bu, bizim gələcək iqtisadi inkişafımıza, məhsullarımızın satışına müsbət təsir göstərəcək. Biz də bununla bağlı töhfəmizi verəcəyik”.

Xatırladaq ki, bu ilin 10 ayında Azərbaycanla Fransa arasında ticarət dövriyyəsinin dəyəri 235 milyon 738 min ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17.8 % çoxdur. Hesabat dövründə Fransaya ixracın dəyəri 49 milyon 577 min ABŞ dolları (4.6 % çox), Fransadan idxalın dəyəri isə 186 milyon 181 min ABŞ dolları (21.8 % çox) olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər