Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti ÜGT Siyasi Komissiyasının iclasında iştirak etmək üçün Bəhreyn Krallığının paytaxtı Manama şəhərində səfərdədir.
Banker.az Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən xəbər verir ki, səfər zamanı, dekabrın 5-də Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov ilə Bəhreyn Krallığı Gömrük Xidmətinin rəhbəri Əhməd bin Hamad Əl Xəlifə arasında görüş keçirilib.
Görüşdə iki ölkənin gömrük işi sahəsində əməkdaşlığından, o cümlədən ticarət əlaqələrinin inkişaf etdirilməsindən bəhs edilib, Bəhreynin əməkdaşlıqda önəm verdiyi 10 əsas ölkədən birinin Azərbaycan olduğu vurğulanıb.
Diqqətə çatdırılıb ki, iki ölkənin hava və dəniz daşımaçılığı sahəsində böyük potensialı var və perspektiv imkanlardan qarşılıqlı şəkildə faydalanmaq vacibdir.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da müzakirələr aparılıb.