10 C
Baku
Wednesday, December 11, 2024

BNA: Bakıda 7A saylı marşrut xətti üzrə avtobus zolağının tətbiqinə başlanılıb

Bakı Nəqliyyat Agentliyi (BNA) 7A marşrut xəttinin hərəkət etdiyi dəhliz üzrə (Gəncə prospekti – Məhəmməd Hadi küçəsi – Qara Qarayev prospekti – Ziya Bünyadov prospekti – Moskva prospekti – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus zolağının tətbiqinə başlayıb.

Banker.az xəbər verir ki, bu barədə Agentliyin fərdi nəqliyyat vasitəsi sürücülərinə və avtomobil sahiblərinə müraciətində bildirilir.

Qurum bəyan edib ki, artıq ərazidə zəruri infrastruktur işləri yekunlaşıb. Dekabrın 11-dən fərdi minik avtomobillərinin qeyd olunan dəhliz boyunca xüsusi zolaqlara daxil olması və hərəkəti qadağan edilir. Bu zolaqlarda ictimai nəqliyyatın sərbəst hərəkətinə maneçilik törədən digər nəqliyyat vasitələri sürücülərinə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimə tədbirləri tətbiq ediləcək.

“Bir daha sürücüləri və avtomobil sahiblərini paytaxtın əsas ictimai nəqliyyat dəhlizləri hesab edilən küçə və prospektlərdə tətbiq edilən xüsusi zolaqların tələbinə anlayışla yanaşmağa dəvət edirik. Bu zolaqları təşkil etməkdə məqsəd, müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət cədvəllərində stabilliyi təmin etmək, əhalinin ictimai nəqliyyatdan istifadəyə marağını artırmaqla keyfiyyətli sərnişindaşınma xidməti göstərməkdir.

Zolaqların təşkili ilə həmçinin ümumi istifadədə olan nəqliyyat vasitələri ilə yanaşı, operativ nəqliyyat vasitələrinin də həmin zolaqlarla maneəsiz hərəkəti təmin olunacaq ki, bu da həyati vacib sahələrə müsbət təsir göstərəcək”, – deyə müraciətdə qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər