Litva ABŞ-dan 495 milyon dollar dəyərində HIMARS raket sistemləri alır.
Müvafiq müqavilə Litva müdafiə naziri Arvidas Anusauskasın Vaşinqtona səfəri çərçivəsində Pentaqon rəhbəri Lloyd Ostinlə keçirdiyi görüşü zamanı imzalanıb. Litvanın ümumilikdə 8 HIMARS sistemi, digər növ raketlərlə yanaşı 300 kilometr məsafədəki hədəflərə çata bilən raketlər alacağı bildirilib.
Müqaviləyə əsasən, Litva HIMARS sistemlərini, onların sursatlarını, baxım avadanlıqlarını və təlim xidmətlərini alacaq. İlk sistemlərin Litvaya 2025-ci ildə tədarük ediləcəyi bildirilib.
Anusauskas Vaşinqtonda bildirib ki, bu, Litva silahlı qüvvələri üçün nəhəng addımdır.
Qeyd edək ki, “Lockheed Martin” tərəfindən istehsal edilən HIMARS sistemlərinə qlobal tələbin Ukrayna müharibəsi fonunda kəskin artdığı bildirilir. “Lockheed Martin” silahın istehsalını illik 96 ədədə çatdırmağı planlaşdırdığını bəyan edib. Daha əvvəl isə bu göstərici illik 60 ədəd olub.
ABŞ müharibə dövründə Ukraynaya 20 HIMARS sistemi göndərib.