Azərbaycan 2022-ci ildə idxal etdiyi “hibrid” mühərrikli minik avtomobillərinin sayı 2021-ci ildən azdır. Baxmayaraq ki, hökumət 2022-ci ilin 1 yanvarından “hibrid” mühərrikli minik avtomobillərinin idxalında stimul olaraq ƏDV-dən azat edib.
Banker.az xəbər verir ki, 2022-ci ilin ilk 11 ayında Azərbaycana cəmi 10 483 ədəd hibrid ilə çalışan minik avtomobilləri gətirilib və bu da 2021-ci ilin eyni dövründə 11 464 ədəd idi.
İndi sual yaranır ki, ölkəyə gətirilən “hibrid” avtomobilləri idxalına bu qədər stimul yaradılırsa, o zaman onun xaricdən gətirilməsi niyə bu qədər azalıb?
1 yanvar 2022-ci ildən hibrid və elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı, habelə həmin avtomobillər üçün 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının və istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilmişdir.
İş burasıdır ki, Azərbaycanda hökumət ƏDV tətbiq etdiyi “hibrid” avtobillərin istehsal ili 3 ildən yuxarı olmalı deyil. Məsələn, 20 000 ABŞ dolları dəyərində və mühərriki 1300 sm-kub həcmdə “hibrid” mühərrikli minik avtomobili idxal edilərkən, istehsal ili 3 ildən yuxarı olduğu təqdirdə ona 6 509.7 manat ƏDV ödənməlidir. Bütün rüsum və haqlardan sonra bu avtomobil üçün dövlətə 8 710.1 manat ödəniş edilməlidir. Komitənin rəsmi səhifəsində bunun kalkulyatoru var.
3 ildən az olduqda isə cəmi 21.6 manatlıq ƏDV ödənilir. Beləliklə, cəmi 2 144 manat dövlət rüsum və haqları lazım gəlir.
İstehsal ili 3 ildən çox olan “hibrid” mühərrikli avtomobil istehsal ili 3 ildən az olandan düz üç dəfə baha başa gəlir.
Azərbaycanda isə hazırda idxal edilən “hibrid” mühərrikli avtomobillərin böyük hissəsi istehsal ili 3 ildən çox olanlardır.
Elektrik mühərrikli avtomobillərin xaricdən idxalında da böyük “bum” görünmür. 2022-ci il tamam olmasına bir ay qalıb, indiyə qədər 409 ədəd elektrik mühərrrikli (elektro-kar) avtomobillər gətirilib. 61 637 min ümumilikldə avtomobildən cəmi 409 ədəd elektrik avtomobil?!
Azərbaycan gömrüyündə elektro-karların idxalı üzrə “hibrid” mühərriklərdən bir qədər fərqli əmsallarla rüsumlar tutulur. Məsələn, 20 000 dollar dəyərində olan elektro-kara cəmi 21.6 manat ƏDV tətbiq edilir. Lakin, burada gömrük rüsumu “hibrid” mühərrikdən fərqli olaraq daha çoxdur. Hibridlərdə (1300 sm-kub) üçün 1547 manat gmrük rüsumu tutulursa, e-karlarda bu 5100 manatdır.