Avropa İttifaqı ölkələrində 2021-ci ildə orta əməkhaqqı 33.5 min avro təşkil edib.
“Népszava” qəzetinin Avropa Statistika Agentliyinin (Eurostat) yeni araşdırmasına istinadla yaydığı məlumata görə, ötən il ən yüksək əməkhaqqı Lüksemburq, Danimarka və İrlandiyada, ən aşağı maaş isə Bolqarıstan, Macarıstan və Rumıniyada qeydə alınıb. Belə ki, Lüksemburqda orta illik əməkhaqqı 72.2 min avro, Danimarkada 63.3 min avro, İrlandiyada isə 50.3 min avro olub. Belçika, Avstriya, İsveç, Almaniya, Finlandiya və Fransada bu göstərici Aİ üzrə orta əməkhaqqını üstələyib.
İttifaqın qalan ölkələrində əməkhaqqı orta səviyyədən aşağı olub. Ən az maaşı Bolqarıstan (illik 10.3 min avro), Macarıstan (12.6 min avro) və Rumıniya (13 min avro) sakinləri alıb. Eyni zamanda, Aİ ölkələrində qiymətlərin və vergilərin səviyyəsi də fərqlidir.