Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi 836 mln. avroya kimi (ödənilməmiş öhdəliklər daxil olmaqla) azalıb. Bu rəqəm bank tərəfindən təqdim edilən son göstərici ilə müqayisədə 5.1% və ya 45 mln. avro azdır. İcra edilən layihələrin sayı isə 185 olub.
Bu barədə AYİB-dən bildirilib.
Qeyd olunub ki, portfelin 89%-ni (748 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 7%-ni (58 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 4%-ni (30 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 4.8% azalaraq 752 mln.avro təşkil edib.
Beləliklə, AYİB bu günədək Azərbaycana 185 layihə çərçivəsində 3.656 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 86.4 %-i (3.160 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 14%-i özəl sektorun payına düşüb.