6 C
Baku
Monday, December 16, 2024

Füzuli şəhərinin Baş planı üzrə layihə işləri tam başa çatdı

Komitə tərəfindən 2021-ci ilin may ayından başlayaraq, regiondakı ən iri və vacib yaşayış məntəqələri olan Şuşa, Qubadlı, Ağdam, Füzuli, Cəbrayıl, Kəlbəcər, Zəngilan şəhərlərinin baş planlarının paralel olaraq müfəssəl planlaşdırma da aparılmaqla hazırlanmasına başlanıb.

Bunu “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr olunmuş tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

Komitə sədri bildirib ki, Baş planların hazırlanması zamanı müasir “ağıllı şəhər” yanaşmaları, təmiz və sağlam ətraf mühit, sənaye və kənd təsərrüfatının kompleks inkişafı, turizm potensialının geniş istifadəsi məsələləri prioritet götürülüb:

“Həmçinin baş planların işlənməsi zamanı mədəni və tarixi irs obyektlərinin bərpası, qorunması və ictimai-mədəni mühit üçün zəruri infrastrukturun yaradılması da diqqətdə saxlanılır, mövcud abidələr və onların cari vəziyyətinə dair məlumatlar nəzərə alınır. Şəhərsalma sahəsində müasir yanaşmaların tətbiqi məqsədilə Baş planların hazırlanmasına yerli şirkətlərlə yanaşı təcrübəli beynəlxalq şirkətlər də cəlb olunub. Cari ildə regionun mərkəzi və ən iri şəhəri olan Ağdam şəhərinin Baş planının hazırlanması tam başa çatdırılıb, aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq Nazirlər Kabinetinin 16 avqust 2022-ci il tarixli müvafiq qərarı ilə təsdiq edilib.
Artıq Füzuli şəhərinin Baş planı üzrə də layihə işləri tam başa çatıb və hazırda sənədin aidiyyəti dövlət qurumları ilə razılaşdırılması prosesi bitmək üzrədir.
Digər şəhərlərin Baş planlarının konsepsiyalarının və əsas cizgilərinin hazırlanması başa çatdırılıb, müfəssəl planlaşdırma işləri davam etdirilir və növbəti ilin 1-ci yarısında başa çatması nəzərdə tutulur”.

Anar Quliyev əlavə edib ki, ümumi planın həllərinə uyğun olaraq cari ilin aprel-may aylarından başlayaraq azad edilmiş 9 rayon üzrə 40-a yaxın qəsəbə və kənd yaşayış məntəqələrinin də ərazi planlaşdırılması sənədlərinin hazırlanması aparılır, bəziləri üzərində işlər artıq başa çatdırılıb: “Bildiyiniz kimi, Zəngilan rayonunda “ağıllı kənd” yanaşmasının tətbiq edildiyi Ağalı kəndinin planlaşdırması və tikintisi işləri başa çatdırılıb, Böyük Qayıdışa start verilərək ilk ailələrin doğma yurduna köçürülməsi təmin edilib”.

Son xəbərlər
Digər xəbərlər