Çin yeni növ koronavirusun “A” kateqoriyalı yoluxucu xəstəlik statusunu ləğv edərək, onu “B” kateqoriyalı xəstəlik elan edib.
Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin qərarı ilə yanvarın 8-dən COVID-19 “B” kateqoriyalı xəstəlik kimi təsnif ediləcək və “yeni növ koronavirus sətəlcəmi” deyil, “yeni növ koronavirus virusu” adlandırılacaq.
Bu qərar Çinin COVID-19 virusu ilə üçillik mübarizə tarixində inqilabi xarakter daşıyır. Çünki Çin pandemiya dövründə sərt mübarizə tədbirləri, o cümlədən lokal qapanmalar, kütləvi test prosesi, məcburi özünütəcrid, ölkədaxili hərəkətin dayandırılması və digər məhdudiyyətlər tətbiq etmişdi. Səhiyyə Komitəsi son qərarı ilə pandemiyaya qarşı mübarizə tədbirləri növbəti dəfə əhəmiyyətli dərəcədə yumşaldılacaq. Belə ki, artıq virusa yoluxanlar, onlarla təmasda olanlar karantinə cəlb olunmayacaq, yoluxma aşkarlanan ərazilər riskli zona elan edilməyəcək.
Ən çox diqqətçəkən dəyişiklik isə Çinə səfər etmək istəyənlərin, eləcə də xaricə getmək istəyən Çin sakinlərinin çoxdan gözlədiyi məqamdır. Belə ki, yanvarın 8-dən etibarən xaricdən gələnlər məcburi karantinə cəlb olunmayacaqlar. 2020-ci ilin əvvəlindən Çinə gələnlər 7-28 gün ərzində mehmanxanalarda öz hesabına məcburi karantinə cəlb olunurdu. Bundan başqa, Çinə səfər etmək üçün ölkənin xaricdəki diplomatik nümayəndəliklərindən “yaşıl kod” almaq lazım gəlirdi. Bundan sonra uçuşa 48 saat qalmış verilən PCR testinin neqativ nəticəsi ilə Çinə səyahət etmək mümkün olacaq.
Digər mühüm dəyişiklik isə Çinə təyyarə uçuşlarına 3 ildir tətbiq olunan müxtəlif məhdudiyyətlərin tam aradan qaldırılmasıdır. Qərara əsasən, Çinin quru sərhədləri, dəniz limanları vasitəsilə də xaricə gediş-gəlişi bərpa ediləcək.
Qeyd edək ki, yay aylarından başlayan sonuncu “omikron” dalğası oktyabrın son günlərindən daha da ağırlaşıb. Hökumətin paytaxt Pekin də daxil olmaqla, bir neçə şəhərdə tətbiq etdiyi sərt karantin tədbirləri etirazlara səbəb olmuşdu. Dekabrın 7-də Çin hökuməti 3 il ərzində tətbiq etdiyi “Sıfır COVID” siyasətini ləğv edərək, virusla mübarizə tədbirlərini yumşaldıb. Həmin yumşalmadan sonra ölkədə virus sürətlə yayılmağa başlayıb. Qeyri-rəsmi məlumatlara görə, Çində sutkalıq yoluxma sayı bir neçə milyona çatıb. Bəzi xarici media orqanları Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə aid olduğu iddia edilən sənədlərə istinadla dekabrın 1-20-də Çində 250 milyon nəfərin virusa yoluxması barədə xəbərlər yayıb. Bu da Çin əhalisinin təxminən 18 faizi deməkdir. Təkcə dekabrın 20-də 37 milyon nəfərin virusa yoluxması barədə məlumat verilib. Yenə qeyri-rəsmi məlumatlara əsasən, Pekin də daxil olmaqla, bəzi şəhər və əyalətlərin əhalisinin təxminən yarısı artıq virusa yoluxub. Çin hökuməti dekabrın 25-dən COVID-19 virusuna yoluxanların və bu səbəbdən ölənlərin sutkalıq statistikasını dərc etməyi dayandırıb. Hazırda xəstəxanalarda müalicəyə yalnız ağır COVID-19 xəstələri qəbul olunur. Müalicə ocaqlarının yaşlı, yataq xəstələri ilə dolu olduğu bildirilir. Xəstələrin çox olması səbəbindən idman və sərgi zalları kimi iri binalar müvəqqəti xəstəxana kimi istifadə olunur.
Dünya Səhiyyə təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus da Çində yayılan genişmiqyaslı koronavirus dalğasından narahat olduğunu bildirib və ölkə hakimiyyətini əhalinin həssas təbəqələrinin peyvəndlənməsini sürətləndirməyə çağırıb.