13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda quş qripi ilə bağlı monitorinqlərin nəticəsi açıqlanıb

Cari ilin 21-25 noyabr və 12-16 dekabr tarixlərində respublika ərazisində epizootoloji monitorinqlər keçirilib. Bu məqsədlə Qida Təhlükəsizliyi Agentliyin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşlarından ibarət İşçi qrupu yaradılıb. Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarında, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağgöl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalarında və digər ərazilərdə çöl quşlarına ümumi baxış keçirilib.

Bu müddətdə Bakı və Sumqayıt şəhərindəki, Sabirabad, Beyləqan, Cəlilabad, Lerik, Xaçmaz, Quba Şabran, Siyəzən, Lənkəran, Ucar, İmişli, Hacıqabul, Salyan və Abşeron rayonlarındakı sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində quşlardan, Bakı şəhəri, Abşeron, Şabran, Xızı, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı ailə təsərrüfatlarından isə müxtəlif növ ev quşlarından laborator müayinə üçün qan nümunələri götürülüb, ərazilərə ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb.

Banker.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib.

Monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəliklərinə həssas heyvanlar arasında müşahidələr aparılıb, xəstə və ya tələf olmuş heyvanlara rast gəlinməyib.

Qeyd edək ki, dünyada yüksək patogenli quş qripi xəstəliyinə görə epizootoloji vəziyyət gərgin olaraq qalır və son bir ildə xəstəlik bir sıra ölkələrdə, xüsusən Avropada endemik formada təzahür edir. Xəstəliyin yayılması başlıca olaraq köçəri quşlar vasitəsilə, həmçinin xüsusi risk daşıyan quşçuluq məhsullarının idxalı zamanı baş verir.

Son xəbərlər
Digər xəbərlər