7 C
Baku
Thursday, December 12, 2024

ABŞ şirkətinin Azərbaycandakı rəhbərinin ölkədən çıxışına müvəqqəti “stop” qoyulması istənilir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ABŞ-ın Azərbaycandakı bir neçə şirkətinin rəhbəri olan əcnəbi vətəndaşın ölkədən çıxışına müvəqqəti “stop” qoymaq üçün kommersiya məhkəməsinə müraciət edib.

Banker.az-ın əldə etdiyi məlumata görə, bu şəxs Con Harkinsdir (John Harkins Wilfrid Hugh). C.Harkins Azərbaycanda nümayəndəliyi olan ABŞ-ın “Greenfields Petroleum Internatıonal Company LTD.” Şirkəti, “Bahar Energy Limited” şirkəti və “Bahar Energy Operatıng Company Lımıted” şirkətinin qanuni təmsilçisi və ya prezidentidir.

Lokal Gəlirlər Baş İdarəsi C.Harkins barəsində “vergi ödəyicisi kimi hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat” ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Məhkəmyə Leyla Əliyeva adlı hakimin sədirliyi 18 yanvar 2022-ci il tarixinə baxış təyin edib.

Banker.az-ın bu üç şirkət ilə bağlı apardığı qısa araşdırmada məlum oldu ki, 1701305991 vergi qeydiyyat nömrəsi olan “Greenfields Petroleum Internatıonal Company LTD.” Şirkətinin nümayəndəliyinin cəmi borcu 3 105.72 manat təşkil edir.

“Bahar Energy Operatıng Company Limited” şirkəti 2010-cu ildən, “Bahar Energy Limited” şirkəti 2011-ci ildən, “Greenfields Petroleum Internatıonal Company LTD.” şirkəti isə 2012-ci ildən Azərbaycan Respublikasında nümayəndəlik açıb.

Qeyd edək ki, “Bahar” qaz-kondensat yatağı və “Qum dəniz” neft-qaz yatağında əməliyyat aparan “Bahar Energy Ltd.” şirkəti “Greenfields Petroleum”un tam mülkiyyətində olan törəməsidir. Şirkət bu yataqlarda 80% iştirak payına malikdir, qalan 20% isə SOCAR-a məxsusdur.

 

Son xəbərlər
Digər xəbərlər