Yanvarın 15-də İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Şəhriyar Heydəri ilk dəfə olaraq İranın Rusiyadan “Su-35” qırıcıları aldığını açıqlayıb.
Bu barədə İranın “Tasnim” nəşri xəbər verir .
Heydəri bildirib ki, təyyarələr İran təqvimi ilə yeni ilin əvvəlində, yəni martın 21-dən sonra ölkəyə gətiriləcək. İran qırıcı təyyarələrlə yanaşı, helikopterlər, raketlər və hava hücumundan müdafiə sistemləri də aldığını açıqlayıb. Lakin məmur alınan texnikanın sayını qeyd etməyib.
Xatırladaq ki, Moskva ilə Tehran arasında hərbi əməkdaşlığı izləyən Qərb kəşfiyyatındakı mənbələrinin məlumatına görə, söhbət əvvəldən Misir üçün nəzərdə tutulan 24 qırıcıdan gedir. Belə ki, ABŞ Qahirəni sövdələşmədən imtina etməyə razı salıb, rusiyalılar isə təyyarələr üçün alıcı axtarırmış. Beləliklə, İran dronlar verməyə başlayandan sonra Rusiya bu ölkəyə təyyarə satmağa qərar verib.