Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2024-cü il yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur.
Bu, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Hazırkı qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2023-cü il yanvarın 1-də bitib. Dəyişiklik qəbul edilsə yaxın 1 ildə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məhdudiyyət nəzərə alınmaqla aparılır. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmir. Sahibkarlar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.