ABŞ fond bazarının çökdüyü və milyarderlərin öz itkilərini saydığı bir ildə ölkənin ən səxavətli xeyriyyəçilərinin xeyriyyə yardımları daha da artıb. “Forbes” hesab edir ki, ölkənin 25 ən böyük xeyriyyəçisi 2022-ci ilin sonuna kimi 196 milyard dollar bağışlayıb. Bu il ianələrdəki 27 milyard dollarlıq kəskin artım əvvəlki iki ildə görülən 20 milyard dolları ötüb və 25 xeyriyyəçinin bağışladığı məbləği iki dəfədən çox üstələyib.
Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.
Bu 25 xeyriyyəçinin ümumi sərvəti 936 milyard dollar təşkil edir ki, bu da bir il əvvəlkindən 164 milyard dollar, yəni 15% azdır. Onlardan on yeddisi “Bağışlama andı”nı imzalayıb və bununla da sərvətinin ən azı yarısını xeyriyyəyə bağışlamağı söz verib.
Uorren Baffet yenidən xeyriyyəçilər siyahısında liderlik edir. “Forbes”in hesablamalarına görə, o, 2022-ci ildə 5.4 milyard dollar, həyat boyu isə 51.5 milyard dollar xeyriyyəyə bağışlayıb.
İkinci sırada yer alan Bill Qeyts 2022-ci ildə sərvətinin 5 milyard dollarını Bill və Melinda Qeyts Fonduna ayırıb. Həyatı boyu isə milyarder 38.4 milyard dollar ianə edib. 2022-ci ildə ABŞ-ın ən səxavətli milyarderləri reytinqinin yeni iştirakçıları “Google”un həmtəsisçisi Sergey Brin və hedge-fond maqnatı Kennet Qriffin olub.
Ümumilikdə, siyahı aşağıdakı kimidir:
- Uorren Baffet – sərvəti: 106 milyard dollar; ötən ildə ianələri: 5.4 milyard dollar; həyatı boyu ianələri: 51.5 milyard dollar.
- Bill Qeyts və Melinda frenç Qeyts – sərvətləri: 102 milyard dollar və 6.6 milyard dollar; ötən ildə ianələri: 5 milyard dollar; həyatları boyu ianələri: 38.4 milyard dollar.
- Corc Soros – sərvəti: 6.7 milyard dollar; ötən ildə ianələri: 300 milyon dollar; həyatı boyu ianələri: 18.4 milyard dollar.
- Makkenzi Skott – sərvəti: 27.8 milyard dollar, ötən ildə ianələri: 5.82 milyard dollar; həyatı boyu ianələri: 14.43 milyard dollar.
- Maykl Blumberq – sərvəti: 76.8 milyard dollar; ötən ildə ianələri: 1.7 milyard dollar; həyatı boyu ianələri: 14.4 milyard dollar.
- Çarlz Çak Fini – sərvəti: 2 milyon dollar; ötən ildə ianələri: yoxdur; həyatı boyu ianələri: 8 milyard dollar.
- Qordon və Betti Mur – sərvətləri: 7 milyard dollar; ötən ildə ianələri: 300 milyon dollar; həyatları boyu ianələri: 5.8 milyard dollar.
- Cim və Merilin Saymons – sərvətləri: 28.1 milyard dollar; ötən ildə ianələri: 1.9 milyard dollar; həyatları boyu ianələri: 5.2 milyard dollar.
- Mark Zukerberq – sərvəti: 49.3 milyard dollar; ötən ildə ianələri: 900 milyon dollar; həyatı boyu ianələri: 3.9 milyard dollar.
- Fil və Penni Nayt –sərvətləri: 47.3 milyard dollar; ötən ildə ianələri: 270 milyon dollar; həyatı boyu ianələri: 3.37 milyard dollar.
Qiymətləndirmə zamanı xeyriyyəçilərin sağlığında etdikləri və artıq köçürdüyü ianələrin ümumi məbləği nəzərə alınıb. Başqa sözlə, heç bir fayda gətirməmiş fondlarda saxlanılan pullar nəzərə alınmayıb.
Reytinqə yalnız ABŞ vətəndaşı olan şəxslər və cütlüklər daxil olub, bu səbəbdən “Walmart”a nəzarət edən Uolton ailəsi, o cümlədən ABŞ-da yaşayan, lakin İsveçrə vətəndaşı olan Hansyorq Viss istisna edilib. Ölən şəxslər də siyahıya daxil edilməyib.