Türkiyənin Ceyhan terminalında Azərbaycan neftinin tankerlərə yüklənməsi bərpa edilib. Bu barədə BP şirkətindən məlumat verilib.
“Ceyhan terminalında Azərbaycan neftinin tankerlərə yüklənməsi bazar günü günorta saatlarında bərpa edilib”, – deyə məlumatda bildirilib.
Xəbər verildiyi kimi, fevralın 6-da Türkiyənin cənubunda baş vermiş zəlzələdən sonra Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixracı davam etdirilsə də, Ceyhan terminalında tankerlərə yüklənməsi müvəqqəti olaraq dayandırılmışdı. Malgöndərənlər terminaldakı fors-major vəziyyət barədə məlumatlandırılmışdı.
“Mümkün ziyan qiymətləndirildikdən, lazımi təmir işləri aparıldıqdan və yanalma qurğularının tam təhlükəsizliyi yoxlanıldıqdan sonra neftin yüklənməsi əməliyyatları bərpa edilib”, – deyə məlumatda qeyd olunub.
Ceyhan terminalının fəaliyyəti Türkiyədə son məlumatlara görə təxminən 30 min nəfərin həlak olduğu zəlzələdən sonra dayandırılmışdı.
Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat, SOCAR-ın nefti, eləcə də Türkmənistan, Qazaxıstan və Rusiya nefti BTC boru kəməri ilə nəql olunur.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.
Layihənin iştirakçıları BP (30.1%); SOCAR (25%); MOL (8.9%); “Equinor” (8.71%); TPAO (6.53%); ENI (5%); “Itochu” (3.4%); “ExxonMobil” (2.5%); INPEX (2.5%), “TotalEnergies” (5%) və “ONGCVidesh” (2.36%) şirkətləridir.