Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 17-də Münxendə İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə görüşü olub.
Prezident İlham Əliyev Yoav Qallantı İsrailin müdafiə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, onunla Azərbaycanın müdafiə naziri arasında təmasların və telefon danışıqlarının olduğunu məmnunluqla vurğulayıb.
Dövlətimizin başçısı Azərbaycanla İsrail arasında münasibətlərin dostluq və tərəfdaşlıq xarakteri daşıdığını, müxtəlif sahələrdə, o cümlədən müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdiyini bildirib.
Prezident İlham Əliyev Azərbaycanın İsraildə səfirliyinin tezliklə fəaliyyətə başlamasının əlaqələrimizin inkişafına daha böyük töhfə verəcəyinə əminliyini ifadə edib.
Yoav Qallant İsrail Dövlətinin rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib və onun da salamlarını İsrail Dövlətinin rəhbərliyinə çatdırmağı xahiş edib.
Nazir Yoav Qallant Azərbaycanla İsrail arasındakı əlaqələrin inkişafından məmnunluğunu bildirib, vaxtilə Azərbaycana səfər etməsini xatırladıb, Quba şəhərində yəhudi icmasının yaşaması üçün yaradılmış şəraitin onda böyük təəssürat yaratdığını deyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.