22.8 C
Baku
Monday, October 7, 2024

Konstitusiya məhkəməsi “nağdsız qaydada ödəmələr”lə bağlı vergi məcəlləsinin maddələrinə şərh verdi

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1-ci və 176.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1-ci maddəsinin “nağdsız qaydada ödəmələr” müddəası təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyərinin nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödənilməsini nəzərdə tutur.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 176.4-cü maddəsinin “nağd aparılan əməliyyatlar” müddəası təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin istər ƏDV-siz dəyərinin, istərsə də ƏDV-nin məbləğinin nağd qaydada ödənildiyi əməliyyatları ehtiva edir. Bu zaman təqdim edilmiş malın, görülmüş işin və ya göstərilmiş xidmətin ƏDV-siz dəyəri və ya ƏDV-nin məbləği nağd qaydada ödənildikdə, aparılan əvəzləşdirmə etibarsız hesab edilir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1-ci və 176.4-cü maddələrinin mənasına görə təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyəri yalnız nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) tam olaraq ödənildikdə, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarla ödənildikdə vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturası üzrə ödənilmiş vergi məbləği əvəzləşdirilən ƏDV məbləği sayılır.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

AZƏRTAC

Son xəbərlər
Digər xəbərlər