Milli Məclis “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklik layihəsini üçüncü oxunuşda təsdiq edib.
Dəyişiklik layihələri parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Təklif olunan dəyişikliyə əsasən, ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün dövlət rüsumu müəyyənləşdirilib. Bu hərəkət üçün dövlət rüsumunun məbləği 50 manat olacaq.
Daha bir dəyişiklik beynəlxalq avtomobil daşımalarına dair bir sıra rüsumların ləğvi ilə bağlıdır.
Belə ki, təklif olunan dəyişikliklə giriş-çıxış və tranzit keçid kvota ilə müəyyən edildiyindən artıq olduqda hər bir icazə üçün yük avtomobilləri üzrə 100 ABŞ dolları, sərnişin avtobusları üzrə 50 ABŞ dolları, eləcə də beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan ilə Hökumətlərarası Sazişi olmayan yük və sərnişin avtomobil daşıyıcıları üçün hər bir icazə üçün yük avtomobilləri 150 ABŞ dolları, sərnişin avtobusları üzrə 75 ABŞ dolları, xarici dövlətlərdə qeydiyyatda olan avtomaşınların Azərbaycanda yüklənməsinə görə hər bir icazə üçün 100 ABŞ dolları, üçüncü ölkəyə və ölkədən daşımalar üzrə hər bir icazə üçün 600 ABŞ dolları, xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinin Azərbaycana yüksüz daxil olması üçün yük avtonəqliyyat vasitələri 350 ABŞ dolları, avtobusların sərnişinsiz daxil olması üçün 80 ABŞ dolları, iri tonnajlı xarici dövlətlərdə qeydiyyatda olan yük avtonəqliyyat vasitələrinin Bakı, Sumqayıt və Gəncə şəhərlərinə daxil olması üçün 25 ABŞ dolları və dövlətlərarası sazişləri pozan xarici avtomobil daşıyıcıları Azərbaycandan çıxdıqda hər bir icazə üçün 400 ABŞ dolları məbləğində müəyyən edilmiş ödəniş haqları ləğv olunur.