“Fitch Ratings” beynəlxalq kredit reyting agentliyi Rusiya-Ukrayna müharibəsinin inkişaf etməkdə olan Avropa ölkələrinin kredit reytinqinə təsirini açıqlayıb.
İnkişaf etməkdə olan Avropada Covid-19 pandemiyası dövründə olduğu kimi yeddi ölkənin suveren reytinqi “mənfi” olaraq qalır.
“Fitch Ratings” bildirib ki, Şimali Makedoniya (BB+) və Rumıniya (BBB-) ilə bağlı mənfi proqnozlar müharibədən əvvəl yaranıb. Çexiya (AA-), Estoniya (AA-), Macarıstan (BBB) və Slovakiya (A) üzrə “mənfi” proqnoz müharibənin yaratdığı enerji böhranı və fiskal siyasətdən yaranan riskləri əks etdirir.
“2022-ci ildə Ukrayna və Belarusun reytinqlərinin aşağı salınması ilə birlikdə bu, müharibənin region ölkələri üçün yaratdığı kredit şərtlərinin əsaslı şəkildə pisləşməsinin göstəricisidir” – Agentliyin açıqlamasında qeyd edilib.
“Fitch” qeyd edib ki, Qafqaz və Mərkəzi Asiyada ölkələri 2022-ci ili olduqca yaxşı keçirib. Rusiya, Ukrayna və Belarusdan Gürcüstana (BB) və Ermənistana (B+) gözlənilməz insan və kapital axını hər iki ölkənin makroiqtisadi, fiskal və xarici göstəricilərini artırıb.
Agentlik əlavə edib ki, müharibənin neft və qaz qiymətlərinə təsiri enerji idxalçıları üçün mənfi təsir etsə də, yüksək qiymətlər Azərbaycan (BB+) və Türkmənistan (B+) kimi ixracatçıların fiskal və xarici ticarət balanslarını gücləndirib. “Biz 2022-ci ilin oktyabrında Azərbaycanın, bu ayın əvvəlində isə Türkmənistanın proqnozunu müsbətə çevirdik”- “Fitch Ratings” vurğulayıb.