14 C
Baku
Saturday, November 23, 2024

Niyə Türkiyədəki dəbdəbəli ev sahibləri üçün “ölüm tələsi”nə çevrildi? – Financial Times

Türkiyənin Hatay vilayətində baş verən zəlzələ zamanı “Rönesans Rezidans”ın elit evi uçaraq yan üstə çöküb. “Financial Times” yazır ki, onun dağıntıları “nəyin səhv getdiyini” göstərən abidəyə çevrilib. Nəşr evin tikintisi və uçması ilə bağlı məlumat toplayaraq, bu fəlakətin mühüm səbəblərini ekspertlərdən öyrənib.

On iki mərtəbəli “Rönesans” binası 2011-ci ildə tikilib, evin üç girişi olub. Kompleksdə idman zalı, mağazalar və üzgüçülük hovuzu olduğuna görə, inşaatçı onu “həyat tərzi seçimi” kimi təqdim edir.

“Üstündə binanın nəhəng “skeleti” olan böyük bir dağıntı qalası var idi. Buna görə də xilasetmə işlərini həyata keçirmək çətin oldu”, – deyə qəza qurbanlarından birinin qohumu baş verənləri izah edir.

“FT”nin müsahibə verdiyi struktur mühəndisləri və zəlzələ ekspertləri razılaşıblar ki, “Rönesans” kimi müasir binalar 7.5-7.8 bal gücündə təkanlardan sonra dağılmalı deyildi. Hadisə şahidlərinin sözlərinə görə, bir dəqiqəyə yaxın davam edən zəlzələnin 40-cı saniyəsində bina çöküb.

“Belə bir zəlzələ hər 2.5 min ildən bir baş verir, tikinti normalarında belə bir yük nəzərdə tutulmayıb”, – deyə Ankaradakı Bilkent Universitetinin tikinti və texniki işlər üzrə direktoru Mevlüt Kahraman deyib. İstanbul Texniki Universitetinin inşaat və seysmik mühəndislik fakültəsinin professoru Oğuz Cem Çelik deyir ki, yeraltı təkanlar ciddi ziyan vursa belə, insanların binanı tərk etməsi mümkün olmalı idi. Onun fikrincə, evin uçması layihə və tikinti sahəsindəki səhvlərdən xəbər verir.

Tikinti şirkəti pəncərələri cənuba baxan mənzillərin sayını artırmaq üçün əslində üç evi bir evə birləşdirdiyini etiraf etdi. Bununla belə, evin uzunsov forması binanın dayanıqlığı üçün risklər demək idi. Mühəndislər qeyd edirlər ki, binanın uzunluğu 134 m, hündürlüyü 17 m, nisbəti isə 8:1 təşkil edib. İnşaat mühəndisi Ceyn Vernik deyir ki, zəlzələyə meyilli ərazidə ciddi hazırlıq işləri görülməlidir.

Kahraman hesab edir ki, zəlzələyə davamlı binalar üçün simmetriya çox vacibdir və əgər bu bina kvadrat formada tikilsəydi, çox güman ki, daha dayanıqlı olardı. Onun fikrincə, binanın uzunsov forması onu zəlzələnin aşma qüvvələrinə qarşı daha həssas edib.

Daha bir amil torpaq olub. Onun növü binanın dayanıqlığında mühüm rol oynayır, çünki yeraltı təkanların gücünün necə ötürülməsini müəyyən edir. Bu əyalətdə əsasən yumşaq torpaq yayılmışdı. Layihə mütəxəssisləri tikinti zamanı bunu nəzərə almalı idi.

Digər səbəb binanın təməlinin inşasındakı səhvlər olub ki, bu da “yumşaq döşəmə” adlanan problemə gətirib çıxarıb. Bu o deməkdir ki, binanın mərtəbələrindən biri zərbələr zamanı daha az dözümlü olub, bu da onu bütün strukturun zəif nöqtəsinə çevirib. “FT” yazır ki, ev birinci mərtəbədə parçalanıb, divarlar isə yan tərəfə çökməzdən əvvəl bünövrədən ayrılıb.

Martın 1-nə olan məlumata görə, Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 45 min nəfərə çatıb. “Zəlzələlər dünya üzrə ekspertlər tərəfindən yekdilliklə miqyasına və dağıdıcılıq gücünə görə müstəsna təbiət hadisəsi kimi dəyərləndirilir”, – deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Fəlakət nəticəsində ölənlərin sayı 1939-cu ildə baş verən və ölkənin 20-ci əsrin ən ölümcül zəlzələsi hesab olunan Ərzincan zəlzələsini üstələyib. O vaxt 32.9 min nəfər ölüb, 100 mindən çox insan isə yaralanıb.

Son xəbərlər
Digər xəbərlər