BOKT “EmbaFinans” QSC-nin səhmdarlarının qərarı ilə 2022-ci ildə sahiblərinə dividendlər ödənilib.
Bunu Banker.az-ın əldə etdiyi məlumatda deyilir.
“2023-ci ilin yanvar ayında Şirkət 3 mln. məbləğində dividend elan etmiş və səhmdarlarına ödəmişdir”- deyə, bildirilir.
Bu da pay bölgüsü ilə hesablandıqda təqribən 1 milyon 530 min manatı Elşad Abbasova, 1 milyon 50 min manatı Milli Məclisin VI çağırış deputatı Məşhur Məmmədova və 420 min manatı isə Tamara Polyakovaya ödənilməlidir.
Eyni qaydada 2021-ci ildə də 3 mln. manat dividend ödənilmişdi.
Qeyd edək ki, BOKT 2022-ci ildə 3 milyon 170 min manat xalis mənfəət əldə etdiyindən onun hazırda 1 yanvar 2023-cü il tarixinə balansında 6 milyon 269 min manat bölüşdürülməmiş mənfəəti var.
Xatırladaq ki, “EmbaFinans” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. QSC-nin səhmlərinin 51%-i Elşad Abbasova, 35%-i Milli Məclisin VI çağırış deputatı Məşhur Məmmədova, 14%-i isə Tamara Polyakovaya məxsusdur.
Audit hesabatındakı qeyd: Dividendlər – elan olunub təsdiqləndiyi dövrdə kapitalda qeydə alınır. Hesabat dövründən sonra, lakin maliyyə hesabatlarının təsdiqlənməsindən əvvəl elan edilmiş dividendlər haqqında məlumat “hesabat tarixindən sonrakı hadisələr” qeydində açıqlanır. Mənfəətdən dividendlər və digər ödənişlər Şirkətin yerli qanunvericiliyə uyğun hazırlanmış maliyyə hesabatlarına əsasən həyata keçirilir. Azərbaycan qanunvericiliyində cari ilin xalis mənfəəti bölüşdürmənin əsası kimi müəyyən edilir.