10 C
Baku
Saturday, December 21, 2024

S&P SOCAR-ın müstəqil kredit qabiliyyəti reytinqinin artdığını bildirir

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yüksək təminatlı borcunun uzunmüddətli emitent kredit və emissiya reytinqlərini “BB-” səviyyəsində təsdiqləyib, həmçinin, müstəqil kredit qabiliyyəti reytinqini (SACP) “b-“dən “b”yə yüksəldib.

“Stabil” reytinq proqnozu SOCAR-ın idarə oluna bilən likvidlik öhdəliklərini dəstəklədiyinə, əməliyyat fəaliyyətinin isə dövlət dəstəyinin səviyyəsi dəyişmədən stabil qaldığına dair agentliyin düşüncələrini əks etdirir.

“Bu, həmçinin, şirkətin kapital qoyma layihələrində və əsas əməliyyatlarında heç bir ciddi gecikmə, artıq xərc və ya əməliyyat problemlərinin olmayacağı və SOCAR-ın hökumətlə çox güclü əlaqələrində ciddi dəyişikliklərin baş verməyəcəyinə dair gözləntilərimizi əks etdirir”, – hesabatda deyilir.

Agentliyin məlumatına görə, SOCAR hazırda xammal məhsullarının qiymətlərinin yüksək olmasından faydalanır ki, bu da 2022-2024-cü illərdə gəlirin və pul axınlarının artmasına səbəb olmaqla göstəriciləri yaxşılaşdıracaq.

“Neft və qaz xammalının qiymətlərinin aşağı olması səbəbindən nisbətən zəif keçmiş 2020-ci ildən sonra daha əlverişli bazar konyukturası sayəsində şirkətin gəlirləri xeyli artıb. SOCAR gəlirlərdə və pul axınında nəzərəçarpacaq dərəcədə artım nümayiş etdirib və biz 2022-ci ildə konsolidə edilmiş EBITDA göstəricisinin rekord səviyyəyə çataraq təqribən 10 milyard manat olacağını proqnozlaşdırırıq, 2021-ci ildə bu göstərici 7,8 milyard manat və 2020-ci ildə isə cəmi 4,3 milyard manat olub”, – hesabatda deyilir.

Agentlik, həmçinin, reytinqin artmasının potensialı suveren reytinqin yüksəldilməsi nəticəsində baş verə biləcəyini qeyd edir.

Qeyd edək ki, SOCAR neft və qaz yataqlarının kəşfiyyatı, neft, qaz və qaz kondensatının hasilatı, emalı və nəqli, daxili və beynəlxalq bazarlarda neft və neft-kimya məhsullarının satışı, sənaye müəssisələrinə və Azərbaycan əhalisinə, habelə Avropaya təbii qaz tədarükü ilə məşğuldur.

SOCAR Gürcüstan, Türkiyə, Rumıniya, İsveçrə, Almaniya və Ukrayna kimi ölkələrdə müxtəlif istiqamətlərdə, o cümlədən əsasən İsveçrə, Sinqapur və Nigeriya olmaqla ticari fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər