Səudiyyə Ərəbistanının iqtisadiyyat və planlaşdırma naziri Feysəl bin Fadil Əlibrahim Birləşmiş Millətlər Təşkilatının Dohada keçirilən az inkişaf etmiş ölkələr üzrə Beşinci Konfransında krallığın həmin ölkələrdə inkişaf layihələrini maliyyələşdirmək üçün Səudiyyə İnkişaf Fondu (SFD) vasitəsilə 800 milyon ABŞ dolları ayıracağını bildirib.
Səudiyyə Ərəbistanının naziri deyib: “Son 50 il ərzində əldə edilmiş qlobal inkişaf və sosial tərəqqiyə baxmayaraq, ən az inkişaf etmiş ölkələrin üzləşdiyi əsas problemlər hələ də qalmaqdadır və hazırda daha mürəkkəb və aktual hal alıb. Bu ölkələrdə iqtisadiyyat çox zəifdir, COVID-19 pandemiyası isə onların davamlı inkişaf yolundan sapması ilə nəticələnən böhranlar yaradıb”.
Nazir bildirib ki, Kral Salman Humanitar Yardım və Bərpa Mərkəzi (KSrelief) ərzaq təhlükəsizliyi, səhiyyə, təhsil, su təchizatı və kanalizasiya sahələrində 2314 layihəni maliyyələşdirib, eyni zamanda, 90 ölkəyə ümumi dəyəri 6.2 milyard ABŞ dolları olan humanitar yardımlar göstərib. SFD, habelə 1975-ci ildən 2022-ci ilə qədər 35 ölkədə 308 inkişaf layihəsi və proqramına maliyyə vəsaiti ayırıb, onlara 6.26 milyard ABŞ dolları məbləğində 330 kredit verib. Bundan əlavə, 2018-ci ildə krallıq tərəfindən təsis edilmiş Yəmənin İnkişafı və Yenidənqurulması Proqramı çərçivəsində bu ölkədə 917 milyon ABŞ dolları dəyərində 224 layihə və təşəbbüs həyata keçirilib.
Nazir krallığın inkişafı dəstəkləmək təşəbbüsləri üzrə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq şəraitində 2030-cu ilədək Davamlı İnkişaf Gündəliyinin həyata keçirilməsi üçün regional və beynəlxalq səviyyələrdə aparıcı rol oynamağa davam edəcəyini bildirib.