7 C
Baku
Thursday, December 12, 2024

“İndiyədək TANAP və TAP ilə 43 mlrd kubmetrə yaxın qaz tədarük edilib”

İndiyə kimi Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) Qaz Boru Kəmərləri vasitəsilə Türkiyə və Avropaya 43 milyard kubmetrə yaxın qaz tədarük edilib.

Banker.az xəbər verir ki, bunu energetika nazirinin müşaviri Zəminə Əliyeva İstanbulda “Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi”nin təşkilatçılığı ilə keçirilən 26-cı Avrasiya İqtisadi Zirvəsi çərçivəsində “Yeni nizamın təsirləri. Siyasiləşdirilmiş enerji təchizatı böhranı dəyişikliklərin xəbərçisidirmi?” movzusunda panel sessiyada çıxışı zamanı bildirib.

O qeyd edib ki, Azərbaycan bu gün Avropanın enerji təchizatını şaxələndirən ölkədir: “Azərbaycan kritik dövrdə qısamüddətli missiyasını Türkiyə ilə enerji birliyinin nailiyyəti olan Cənub Qaz Dəhlizi sayəsində uğurla yerinə yetirib”.

Çıxışda enerji və geosiyasətin bağlılığında enerji çatışmazlığı, enerji tədarükü sistemində pozulmalar, qiymətlərdəki volatillik, neft-qaz axınları xəritəsinin yenidən tərtib edilməsi yeni enerji nizamının göstəriciləri kimi qeyd edilib. Bildirilib ki, belə bir enerji düzənində prioritet məsələ enerji təhlükəsizliyidir. Neft-qaz resurslarından, onların təchizatçılarından asılılığa son qoyulması, təchizat boşluğunu qaza tələbatın azaldılması ilə kompensasiya cəhdləri dayanıqlı enerji təhlükəsizliyinə zəmanət vermir.

Ona görə də “yaşıl enerji” layihələrinə investisiyalar artırılarkən neft-qaz sektorunda investisiya boşluğunun həlli də düşünülməlidir. Bir mənbədən asılılığın riskli olduğu, bu səbəbdən də təbii qaz və bərpa olunan enerjidən istifadənin vəhdətdə inkişafının gözlənilməz risklərdən sığortalanmağın qarantı ola biləcəyi vurğulanıb.

Z. Əliyeva bildirib ki, ölkəmiz irəlidə xarici investorlarla birgə reallaşdırılan ümumi gücü 25 QVt-dan çox bərpa olunan enerji layihələri ilə Avropanı “yaşıl enerji” və “yaşıl” hidrogen ilə təchiz etməyi planlaşdırır. Bu məqsədlə gündəmdə olan əsas layihələr haqqında danışılıb və vurğulanıb ki, bunlar Azərbaycanın tərəfdaşlarının enerji və ekoloji təhlükəsizliklərinə töhfə verən uğurlu enerji siyasətinin daha bir təsdiqidir.

Son xəbərlər
Digər xəbərlər