Azərbaycanda 2022-ci il ərzində mikro, kiçik və orta sahibkarların (MKOS) kreditləşməsində müsbət artım trendi davam edib.
Banker.az bildirir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə Maliyyə sabitliyi hesabatı qeyd edilir.
Belə ki, ilin əvvəli ilə müqayisədə MKOS subyektlərinə verilən kreditlərin həcmi 28% artaraq 5.7 mlrd. manata çatıb.
Nəticədə, MKOS-lara verilmiş kreditlərin biznes portfelində payı 50%-i ötmüşdür. Müsbət artım tempinə səbəb olan amillərdən biri MKOS subyektləri üzrə standartların yumşaldılmasıdır.
AMB qeyd edir ki, MKOS subyektlərinin kreditləşməsində bankların öz vəsaitlərinin payı artmaqdadır. Son illərdə bankların öz vəsaitləri hesabına MKOS subyektlərinin maliyyələşməsində aktiv iştirakı müşahidə edilir. Belə ki, 2022-ci ilin əvvəlindən etibarən bankların öz vəsaiti hesabına verilmiş kreditlərin həcmi 35% (1.3 mlrd. manat) artaraq 5 mlrd. manata çatmışdır.
Nəticədə, bankların öz vəsaiti hesabına MKOS subyektlərinə verilmiş kreditlərinin biznes portfelində xüsusi çəkisi 5 f.b. artaraq 89% olmuşdur. MKOS-ların maarifləndirmə imkanlarının təşviqi və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi ilə bağlı fəaliyyət istiqamətləri “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapmışdır.