Azərbaycanda 2022-ci il ərzində kreditlərin restrukturizasiya portfelinin dinamikasında azalma müşahidə olunur.
Banker.az bildirir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə Maliyyə sabitliyi hesabatı qeyd edilir.
2022-ci il ərzində restrukturizasiya edilmiş portfel 224 mln. manat, yaxud 12% azalaraq 1.7 mlrd. manata düşüb.
Restrukturizasiya edilmiş kreditlərin cəmi kredit portfelində payı isə 2.9 faiz bəndi azalaraq 8.6%-ə çatmışdır.
Restrukturizasiya olunmuş kreditlərin cəmi portfeldə payı son 8 ilin ən aşağı səviyyəsindədir.
Biznes portfeli üzrə restrukturizasiya olunmuş kreditlər 1.3 mlrd. manat təşkil edir ki, bu da cəmi restrukturizasiya portfelinin 3/4-ü həcmindədir. İstehlak portfeli üzrə restrukturizasiya olunmuş kreditlərin həcmi 329 mln. manat, ipoteka portfeli üzrə isə 56 mln. manat təşkil edir.
İl ərzində restrukturizasiya portfelində azalma portfelin hər üç seqmenti üzrə müşahidə edilmişdir. 2022-ci ildə restrukturizasiya portfeli üzrə risklərin tənzimlənməsi üzrə yeni requlyativ çərçivə formalaşdırılmışdır. Kreditlərin təkrar restrukturizasiyasına daha sərt ehtiyatlanma tələbləri müəyyən edilmişdir (hər növbəti restrukturizasiyada aktivin daha riskli təsnifat kateqoriyasına aid edilməsi və daha yüksək ehtiyatların yaradılması tələbi).
*Restrukturizasiyası – defolt halında olan, yəni öz borcunu ödəyə bilməyən borcalana qarşı tətbiq edilən ölçü vasitəsidir.