“NASDAQ” birjası əsas kapitalı Rusiyada cəmləşən bir sıra şirkətlərin delistinqini elan edib.
Bu barədə ticarət platformasının məlumatlarında deyilir.
Qeyd olunur ki, “Yandex N.V.”, “Ozon Holdings Plc”, “Qiwi Plc” və “HeadHunter Group Plc” şirkətləri qərara etiraz etmədikləri təqdirdə, onların səhmlərinin martın 24-dən birjanın listinqindən xaric ediləcək.
“Yandex” artıq yaxın vaxtlarda “NASDAQ”a apellyasiya şikayəti verəcəyini bildirib. “Ozon”dan verilən məlumata görə, şirkət eyni addımı atmağı planlaşdırır. Ticarət platforması izah edir ki, şikayət birjadan bildiriş alındıqdan sonra yeddi təqvim günü ərzində verilməlidir və şikayətdən sonra 45 gün ərzində dinləmələr keçirilir.
“NASDAQ” Ukraynada müharibənin başlamasından bir neçə gün sonra, 28 fevral 2022-ci ildə yuxarıda adları sadalanan emitentlərin səhmlərinin ticarətini dayandırıb.
“NASDAQ” ABŞ-ın (“National Association of Securities Dealers Automated Quotation” – Qiymətli Kağızlar Satıcılarının Milli Assosiasiyasının Avtomatlaşdırılmış Kotirovka Xidməti) yüksək texnologiyalı şirkətlərin səhmləri üzrə ixtisaslaşan əsas fond birjalarından biridir.