Yeni Rəqabət Məcəlləsində haqsız rəqabət formalarına yenidən baxılıb, rəqibin sahibkarlıq fəaliyyətinin nüfuzdan salınması, istehlakçıların aldadılması hallarına qarşı məqsədyönlü addımların atılması nəzərdə tutulur.
Banker.az xəbər verir ki, bunu Vergilər qəzetinə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Xamis Seyranov deyib.
Xamis Seyranovun sözlərinə görə, yeni Rəqabət Məcəlləsi sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin mövcud hüquqi əsaslarını təkmilləşdirəcək. Ölkə iqtisadiyyatının inkişafında özəl sektorun getdikcə daha da artan mühüm rolunu nəzərə alsaq, yeni məcəllə azad və sağlam rəqabət mühitinin təmin edilməsinə, onun prinsiplərinin qorunmasına və inkişafına töhfə verəcək. Bundan əlavə, məcəllədə rəqabətin məhdudlaşdırılması halları, təsərrüfat subyektlərinin bazar payı, haqsız rəqabət, iqtisadi təmərküzləşmələr (birləşmələr), dövlət orqanları tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsi və təbii inhisarların fəaliyyətlərinin tənzimlənməsi ilə bağlı müddəalar öz əksini tapıb.
X.Seyranov bildirib ki, yeni Rəqabət Məcəlləsi sahibkarların azad rəqabət mühitində fəaliyyət göstərmələri üçün lazımı şəraitin yaradılmasını təmin edəcək bir sıra üstünlüklərə malikdir. Əsas üstünlük ondan ibarətdir ki, məcəllə beynəlxalq təcrübə nəzərə alınmaqla yerli bazarın tələblərinə uyğun hazırlanıb. Yeni Rəqabət Məcəlləsinin layihəsində “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” qanunlar və digər hüquqi aktlar yeni, vahid sənəddə birləşdirilib. Məcəllədə təbii inhisar sahələrinə nəzarət alətləri təkmilləşdirilib, onların fəaliyyətində şəffaf və çevik nəzarəti təmin edən müddəalar əks olunub. Bununla yanaşı, bazar paylarının müəyyənləşdirilməsinin yeni qaydaları, habelə hökmran mövqenin yeni meyarları qeyd olunub. Məcəllə, həmçinin, rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması hallarını, rəqabəti məhdudlaşdıran müqavilələrə dair tələbləri, habelə qadağan olunmuş bir sıra üfüqi sazişləri, yəni kartel əməliyyatlarını müəyyən edəcək.
Xatırladaq ki, Rəqabət Məcəlləsi layihəsi Azərbaycanda antiinhisar qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə bu sahədə mövcud qanunvericilik aktları əsasında, beynəlxalq təcrübə, o cümlədən Avropa və MDB dövlətlərinin təcrübələri öyrənilməklə yeni hazırlanıb.