ABŞ-ın reytinq baxımından böyük banklarından olan “Slicon Valley” bankının bağlanması, eləcə də Avropada İsveç bankı ilə bağlı yaranmış problemlər dünyanın iqtisadiyyat üzrə ixtisaslaşan beyin mərkəzlərində geniş müzakirələr və araşdırmalar üçün zəmin yaradıb. Yaranmış proses böyük maraq doğurub və aparıcı iqtisadçılar tərəfindən yaxından izlənilir.
Bəs hadisələr ümumdünya maliyyə sisteminin parçası olan Azərbaycan bankçılığının duruma necə təsir göstərəcək? Azərbaycanın bank sistemi oxşar problemlərlə üzləşə bilərmi?
Məsələ ilə bağlı danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, ABŞ banklarının bağlanması nəzarətlə həyata keçirilir:
“ABŞ-da bir-birinin ardınca iflası elan olunmuş bankların digərləri ilə müqayisədə nüfuzuna baxdıqda, ilkin mərhələdə müəyyən qorxulu anların yaşandığı mənzərəsi yaranır. Eyni zamanda, gələcəklə bağlı problemlərin proqnozları və işartıları görünür. Lakin bu proses tamamilə ABŞ-ın, xüsusilə də Federal Ehtiyyatlar Bürosunun nəzarəti altında baş verir. Keçən il FED-in nisbətən aqressiv siyasəti, yaxud uçot dərəcəsinin artırılması nəticəsində bu banklarda yaranan problemlər iflasa səbəb oldu. ABŞ iqtisadiyyatının həcmini və burada baş verənləri analiz etdikdə hesab edirəm ki, proses öncədən düşünülüb. Bir növ təzyiqi götürmək üçün “qazanın qapağı açılıb”. Maliyyə sistemində silkələnmə, müəyyən məsələlərdə daha diqqətli olmaq və s. kimi hallardan söhbət gedir ki, daha sonra prosesə nəzarəti müşahidə edəcəyik. Bankların kütləvi iflasının və böyük bir maliyyə böhranının yaşanacağını düşünmürəm”.
Onun sözlərinə görə, ABŞ-da onlarla bank bağlansa, vəziyyət Azərbaycana da təsir edə bilər: “Əgər ABŞ-da bağlanan bankların sayı onlarla olsa, bu Azərbaycana təsir göstərəcək. Hazırkı vəziyyətin Azərbaycan iqtisadiyyatı və bankları üçün ciddi fəsadları olmayacaq. Dolların bahalaşması ABŞ iqtisadiyyatının nisbətən daraldılması, bununla da inflyasiyanın nisbətən tənzimlənməsi məqsədi güdür. Azərbaycanda isə manatın məzənnəsi və onun dollarla qiymət nisbəti bilavasitə Mərkəz Bank tərəfindən inzibati metodlarla tənzimlənir. Bu da kənarda baş verənlərin birbaşa manatın məzənnəsinə təsirini sıfıra endirir. Hazırda Azərbaycanın, xüsusilə də Mərkəzi Bankın 9,043 milyard dollarlıq ehtiyyatının olması, təbii olaraq neft ehtiyyatlarının da artması, ümumilikdə Azərbaycanın valyuta ehtiyatının yuxarı səviyyədə formalaşması manatın məzənnəsinə yaranmış təsirləri asanlıqla dəf edə biləcək. İndiki məqamda ABŞ-da baş verənlərin Azərbaycanın iqtisadiyyatına ciddi bir təsiri yoxdur”.
İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, dünyada maliyyə və bank sistemi ilə bağlı narahatlıqlar var: “Son günlər Amerikada “Slicon Valley”, Avropada isə İsveç bankı ilə problemlər dünya birjalarında təlatümə səbəb oldu. Çox ciddi dalğalanmalar var. Maliyyə və bank sektoru ilə bağlı narahatlıq var. 2008-ci il böhranına bənzər situasiya yarana bilər. Bu həm səhmlərin, həm də neftin qiymətinə kifayət qədər ciddi təsir göstərir. Bank sistemində olan problemlər böhran anonsuna çevrilib. Həm ABŞ-dakı FED, həm də İsveçrə bankı bu məsələ ilə bağlı nə qədər lazımdırsa, maliyyə vəsaiti ödəyəcəklərini söyləyirlər. Birjaları bu hələ də sakitləşdirməyib, ancaq müəyyən qədər kəskin qiymət enmələrinin qarşısını alıb. Dünən axşam və bu gün vəziyyət sakitləşib”.
Ekspert belə hesab edir ki, bunun Azərbaycan bank sisteminə dolayı yolla təsirləri ola bilər: “Baş verənlərin Azərbaycan bank sisteminə birbaşa təsiri yoxdur. Amma dünyada baş verənlər istər-istəməz Azərbaycana dolayı yolla təsir göstərəcək. Azərbaycan banklarının xaricdəki tərəfdaşları ilə müqavilələri var. “Swift” sistemi vasitəsilə pul köçürmələri var. Kreditləşəmə məsələsi var. Bank sistemində baş verənlər gələcəkdə daha da kəskinləşsə, bu, Azərbaycan bank sisteminə də təsir edə bilər”.
Natiq Cəfərli qeyd edib ki, Azərbaycanın bank sistemi daha lokaldır: “2020-ci ildə Azərbaycanda ard-arda 4 bank bağlananda dünyada bank sektorunda ciddi problemlər yox idi. Yəni bizdə problemlər daha çox daxildən qaynaqlanır. Bank sektorunda da vəziyyət dayanıqlıdır. Problemli banklar ya bağlandı, ya da sıradan çıxarıldı. Nəticə etibarilə bank sistemində müəyyən sağlamlaşma addımları atılmış oldu”.