Bu gün ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin (FOMC) iki günlük iclası start götürür.
İclasın sonuncu günündə uçot dərəcəsinə yenidən baxılacaq.
Tənzimləyici son 8 iclasda uçot dərəcəsini bütövlükdə 450 baza bəndi artırıb. Sərt pul-kredit siyasətinin məqsədi inflyasiyanı hədəflənən 2 % həddinə salmaqdır. Ötən ay ölkədə istehlak qiymətləri illik ifadədə 6 % artıb ki, bu da, 2021-ci ilin sentyabr ayından bu yana ən aşağı göstərici olub. Müqayisə üçün inflyasiya əvvəlki ayda 6,4 %, ötən ilin son ayında isə 6,5 % idi. İnflyasiya hədəflənən səviyyənin xeyli üzərində olsa da görülən requlyativ tədbirlər nəticəsində onun azalması istiqamətində sabit tendensiya formalaşdırılıb. Eynisini hələ ki, əmək bazarı haqqında demək mümkün deyil. Bu, bazar iqtisadiyyatın soyudulması və iqtisadi aktivliyin aşağı salınması yönündə tənzimləyici tərəfindən atılan addımlara ləng cavab verir. İri texnoloji şirkətlər ixtisarlara getsədə, əmək bazarı hələ də sabit qalmaqda davam edir. Bu, ilk növbədə “COVID-19” pandemiyası dövründə işçi qüvvəsi tapmaqda çətinliklərlə üzləşən işəgötürənlərin mövcud durumda ixtisarlara getməyə çox da həvəsli olmaması ilə izah olunur. Bununla belə, fevralda əməkhaqlarının artım tempi aşağı düşüb, işsizlik səviyyəsi isə yanvardakı 3,4 %-dən 3,6 %-ə düşüb.
FED-in son bir ildə sərgilədiyi siyasətin maliyyə sektoruna təsirləri birmənalı olmayıb. Uçot dərəcəsinin artırılması investisiyaları bahalaşdırır və likvidliyi tükəndirir. Belə ki, faiz dərəcələri yüksək olanda investorlar maliyyə çatışmazlığı ilə üzləşirlər və öz vəsaitlərini banklardan çıxarmağa başlayırlar. Bu isə, öz növbəsində kredit təşkilatlarının likvidliyini təhlükə altına atır. Həmin prosesin ilk qurbanları ABŞ-ın “Silicon Valley Bank” və “Signature Bank” maliyyə institutları oldu. Hər iki bank ötən həftə müflis elan edildi. Nəzərə almaq lazımdır ki, “Silicon Valley Bank” 2008-ci ilin maliyyə böhranından bu yana çökən ilk iri (ABŞ bankları arasında 16-cı yer) bank oldu. Hazırda ABŞ-ın bank sektorunda əlbəttə ki, sistemli böhrandan söhbət belə getmir. Lakin nüfuz böhranı göz qabağındadır və getdikcə dərinləşə bilər.
Belə bir vəziyyətdə ilk ağıla gələn FED-in bu gün uçot dərəcəsinin artırılması siyasətində erkən pauza götürə biləcəyidir. Lakin tənzimləyicinin sərgilədiyi yanaşmanın və onun ritorikasının təhlili deməyə əsas verir ki, sabahkı iclasda uçot dərəcəsinin daha 0,25 faiz bəndi artırılaraq 4,75-5 %-ə çatdırılacağı gözlənilir. Çünki, hələ aylar əvvəl FED-in rəhbəri Cerom Pauel uçot dərəcəsinin sistematik artırılmasının ağır fəsadlarının olacağına dair xəbərdarlıq edərək, bunu inflyasiyanı cilovlamağın bədəli kimi xarakterizə edirdi. Yəni itkilər əvvəldən proqnozlaşdırılıb və prioritet kimi məhz inflyasiyanın azaldılması müəyyən edilib. Bu arqumenti gücləndirən daha bir fakt tənzimləyicinin bankların likvidliyinin artırılması istiqamətində atacağı addımdır.
FED banklar üçün fövqəladə kreditləşmə proqramını işə salıb. “Bank Term Funding Program” (BTFP) adlı həmin mexanizm federal agentliklərin istiqrazları, ipoteka istiqrazları və digər qiymətli kağızların təminatı müqabilində banklara, əmanət assosiasiyalarına, kredit ittifaqlarına və digər maliyyə institutlarına bir il müddətinə kimi kredit ayırmağa imkan verəcək. Bunun hesabına bank sektorunun likvidliyi 2 trilyon ABŞ dolları həcmində artırıla bilər ki, bu da ehtiyat defisitini aradan qaldırmaq üçün yetərlidir.
Xatırladaq ki, FED 2022-ci ilin mart ayında 2018-ci ildən bəri ilk dəfə olaraq uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq illik 0,25-0,5 %-ə çatdırdı. Mayda uçot dərəcəsi 0,50 faiz bəndi artırılaraq 0,75-1 %-ə, iyunda 0,75 faiz bəndi (son 28 ildə ən kəskin artım) artırılaraq 1,5-1,75 %-ə, iyulda 0,75 faiz bəndi artırılaraq 2,25-2,5 %-ə, sentyabrda 0,75 faiz bəndi artırılaraq 3-3,25 %-ə, noyabrda daha 0,75 % artırılaraq 3,75-4 %-ə, dekabrda 0,50 faiz bəndi artırılaraq 4,25-4,50 %-ə, 2023-cü ilin fevralında 0,25 faiz bəndi artırılaraq 4,50-4,75 %-ə çatdırıldı.