Avropa İttifaqı (Aİ) Şurası avtomobillərin karbon emissiyalarının azaldılması üzrə yeni Aİ hədəflərini təsdiqləyib.
Banker.az xəbər verir ki, 2030-2034-cü illərdə yeni minik avtomobillərinin karbon emissiyaları 2021-ci ilə nisbətən 55%, 2035-ci ildə isə 100% azalmalıdır.
Sənəddə deyilir ki, “Aİ Şurası yeni avtomobillər və mikroavtobuslar üçün daha sərt karbon emissiyası standartları haqqında qaydanı təsdiqləyib. Yeni qayda bütün nəqliyyat növləri arasında emissiyaların ən yüksək nisbətini təşkil edən avtomobil nəqliyyatı emissiyalarını azaltmağa yönəlib. Bu, həm də yenilikçi yanaşma təqdim etməklə sıfır emissiyalı avtomobil sənayesi üçün də təkan verəcək”.
Bu, faktiki olaraq, benzin və ya dizellə işləyən daxili yanma mühərrikli yeni avtomobillərin satışına qadağa deməkdir. Yeni qanunvericiliyin mühüm elementi Aİ-də avtomobillərin hidrogen kimi “karbonsuz yanacaq”da qeydiyyata alınması qaydalarının yaradılması olacaq. Belə avtomobillərin satışı 2035-ci ildən sonra elektromobillərlə yanaşı davam etdirilə bilər.