Dünya Bankı Azərbaycan üçün şəhər ətrafında və kəndlərdə su resurslarının idarə olunmasının yeni modelini hazırlayır.
Bu barədə bu gün Dünya Bankının su təchizatı və sanitariya üzrə böyük mütəxəssisi Smita Misra Azərbaycana texniki yardım proqramının reallaşdırılmasına həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, su resurslarının inventarlaşdırılması və uçotu üzrə addımlar atılacaq.
“Biz həmçinin bu layihə çərçivəsində təkcə içməli suyun deyil, həm də texniki suyun, o cümlədən irriqasiya üçün suyun əlçatanlığını təmin etməyi planlaşdırırıq. Azərbaycanın kənd təsərrüfatı rayonlarının su problemi yaşamamaları çox vacibdir”, – o deyib.
S.Misra gələcəkdə Azərbaycanın adıçəkilən təşəbbüslərin reallaşdırılmasının zəruri olduğu digər rayonlarının da müəyyən edilməsinin planlaşdırıldığını bildirib.
Qeyd edək ki, Azərbaycana texniki yardım proqramı Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilir, reallaşdırılması isə Dünya Bankına həvalə olunub.