Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli, 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış ərizəçilərin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahan vasitəsilə müəyyənləşdirilir.
Təhsildə Keyfiyyət Təminatı üzrə Dövlət Agentliyindən bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunacaq peşə tanınması üzrə ilk imtahanın 29 aprel 2023-cü il tarixində keçirilməsi gözlənilir.
Qeyd olunan ixtisaslar üzrə xaricdə təhsil almış və eyni zamanda göstərilən tarixdə imtahanda iştirak etmək istəyən ərizəçilər 20 aprel 2023-cü il tarixinədək www.taninma.az keçidi vasitəsilə elektron qaydada qeydiyyatdan keçməklə müraciət edə bilərlər.