8.6 C
Baku
Thursday, November 28, 2024

Daşınmaz əmlak alanlara 5 milyon manatdan çox ƏDV qaytarılıb

Fiziki şəxs olan istehlakçılar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin qaytarılması ilə bağlı vergi orqanlarına daxil olan 2001 müraciət üzrə vətəndaşlara 5 milyon manatdan çox vəsait qaytarılıb.

Banker.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, ümumilikdə bu günədək vergi orqanlarına vətəndaşlar tərəfindən 6005 müraciət daxil olub.

Müraciətlərin araşdırılması zamanı ƏDV-nin geri qaytarılması üçün çətinlik yaradan bir sıra məsələlər də aşkar edilib. Belə ki, 940 müraciət üzrə bank rekvizitləri səhv göstərildiyindən vəsaitlərin köçürülməsi mümkün olmayıb. Məlumatların dəqiqləşdirilməsi və yenidən müraciət edilməsi vaxt aldığından, belə hallar müraciətlərin icra müddətinin uzadılmasına səbəb olur. Bu səbəbdən, müraciət etməzdən əvvəl vətəndaşlara onlara xidmət göstərən banklarla məlumatların dəqiqləşdirilməsi, eyni zamanda fiziki şəxs olan istehlakçılar tərəfindən alınan yaşayış və qeyri-yaşayış sahələri üzrə nağdsız qaydada ödənişlər edilərkən Hökumət Ödəniş Portalının “Kommunal” ödənişlər bölməsinin “Yaşayış və qeyri-yaşayış sahələrinin alışı üzrə ödənişlər” altbölməsindən edilməsi tövsiyə olunur. Çünki bu yolla edilən müraciətlərin yoxlanılması və vəsaitlərin qaytarılmasına daha az vaxt sərf edilir.

Qeyd edək ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli fərmanı ilə təsdiq edilib.

Son xəbərlər
Digər xəbərlər